
Lider.com.az istinadən bildirir ki, daxili işlər nazirliyinin baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini, "Qarabağ" ordenli polis polkovniki Nurlan Məmmədov Vətən müharibəsi və antiterror tədbirləri zamanı keçdiyi döyüş yolundan və xatirələrindən bəhs edib.
Füzuli, Xocavənd, Kəlbəcər və Şuşa uğrunda aparılan döyüşlərdə iştirak edən zabit 2020-ci il sentyabrın 27-ni həyatının ən məsuliyyətli və şərəfli səhifələrindən biri adlandırıb.
O, ilk döyüş tapşırığının Füzuli şəhərinin azad edilməsi istiqamətində verildiyini xatırladaraq, hərbi qulluqçuların əsas hədəfinin ərazi bütövlüyünün bərpası olduğunu vurğulayıb.
Polis polkovniki azad olunmuş torpaqlara ilk dəfə ayaq basarkən yaşanan duyğuları sözlə ifadə etməyin çətinliyini qeyd edərək, bu uğurun arxasında şəhidlərin qanı və xalqın birliyinin dayandığını bildirib.
Nurlan Məmmədov 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilən antiterror tədbirlərində də qüvvələrimizin tərkibində tapşırıqları yerinə yetirdiyini, bu əməliyyatın qısa müddətdə suverenliyin bərpasına xidmət etdiyini qeyd edib.
Daxili Qoşunların keçmiş hərbçisi kimi döyüşməyin, bu gün isə polis sıralarında xidmət etməyin eyni vətəndaşlıq borcunun davamı olduğunu söyləyən zabit üçün hər iki fəaliyyətin dövlətə sədaqətin göstəricisi olduğunu qeyd edib.
