
Lider.com.az istinadən bildirir ki, Almaniyanın Münhen şəhərində məskunlaşan azərbaycanlı yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə toplantı təşkil ediblər.
Yanuş Korçak adına Avropa Akademiyasında baş tutan mərasimdə əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, eləcə də Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub, ardınca isə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə söz alan kinorejissor Rüfət Əsədov qeyd edib ki, Azərbaycan əsrlər boyu müxtəlif millətlərin və dini konfessiyaların sülh, qarşılıqlı etimad və anlaşma şəraitində yaşadıği, multikultural dəyərlərə sadiq qaldığı unikal ölkələrdən biridir. O, 44 günlük Vətən müharibəsi zamanı respublikamızda yaşayan müxtəlif xalqların təmsilçilərinin torpaqlarımızın azad edilməsi və bütövlüyünün bərpası uğrunda çiyin-çiyinə vuruşmasının ölkədəki milli həmrəyliyin və birgəyaşayış ənənələrinin əyani göstəricisi olduğunu vurğulayıb.
Münhen yəhudi icmasının fəal üzvü Emin Salimov çıxış edərək bildirib ki, Vətən müharibəsi dönəmində Almaniyada yaşayan azərbaycanlılar, o cümlədən dağ yəhudiləri ölkəmizin haqq səsini beynəlxalq aləmə çatdırmaq, habelə ədalətli mövqeyimizi müdafiə etmək üçün fəal fəaliyyət göstəriblər. Onun sözlərinə görө, həmin vaxt nümayiş etdirilən birlik xalqımızın həmrəyliyinin, mənsubiyyətindən asılı olmayaraq Vətənə bağlılığının və ortaq dövlətçilik prinsiplərinə sədaqətinin əyani təzahürüdür.
Yığıncaq çərçivəsində rejissor Rüfət Əsədovun “Əsrlərdən gələn ənənələr” adlı sənədli ekran əsərinin nümayişi olub.
Xatırladaq ki, film yəhudi əsilli azərbaycanlı rəssam Albert Rəfiyevin həyat və yaradıcılıq yoluna həsr edilib. Azərbaycan Rəssamlar İttifaqının, Xalçaçılar Birliyinin, eyni zamanda Rusiya Rəssamlar İttifaqının üzvü olan Albert Rəfiyev S. Vaynşteyn mükafatına layiq görülüb.
Ekran əsərində sənətkarın yaradıcılığında Azərbaycan və yəhudi mədəniyyətlərinin sintezi, həmçinin hər iki xalqın zəngin mədəni irsinin təsviri öz əksini tapıb.
Azərbaycan və İsrailin birgə layihəsi olan filmin istehsalçısı “Sholumi”, prodüseri isə Shaul Siman-Tovdur.
