
Lider.com.az istinadən bildirir ki, son yeddi gün ərzində Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə aid ondan artıq hərbi yük təyyarəsi İsrail hava limanlarında yerə enib.
Aviasiya dairələrindən əldə olunan məlumata görə, reyslərin böyük hissəsi Texas ştatında yerləşən Biggs Ordu Aerodromundan qaldırılıb və həmin hava gəmiləri İsrailin cənub hissəsindəki Nevatim ilə Ovda bazalarında qərarlaşıblar.
Eyni zamanda, ABŞ-nin İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdə yerləşən hərbi obyektlərinə də əlavə yükdaşıma reyslərinin təşkil edildiyi bildirilir.
Daşınan hərbi təchizatın növü barədə rəsmi açıqlama verilməyib, lakin bu daşımaların Vaşinqtonun İranla potensial qarşıdurma ehtimalı qarşısında bölgədəki hava hücumundan müdafiə imkanlarını artırmaq istiqamətində atılan addımlarla əlaqəli olduğu güman olunur.
Bundan əvvəl mətbuatda ABŞ tərəfindən Texasdan İsrailə "Patriot" zenit-raket komplekslərinin göndərilməsi barədə xəbərlər dərc olunmuşdu.
