
Lider.com.az istinadən bildirir ki, İran müasir silah sistemlərini sınaqdan çıxarıb və ölkənin silahlı qüvvələri ən yüksək səviyyədə hazırlıq vəziyyətindədir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına verdiyi müsahibəsində danışıb.
Diplomat qeyd edib ki, ölkəsi hərbi potensialını təkmilləşdirib, mövcud boşluqları aradan qaldırıb və yeni silahları sınaqdan keçirib. Əraqçi həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq əlaqələrinin əvvəlki məcraya dönməsi üçün müəyyən vaxt tələb olunduğunu vurğulayıb.
O əlavə edib ki, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır və həmin sazişdən irəli gələn öhdəliklərinə sadiq qalır. Silahlı münaqişənin başlanması ehtimalını tam istisna etmədiklərini diqqətə çatdıran nazir istənilən inkişaf ssenarisinə hazır olduqlarını bildirib. Eyni zamanda, Livan da daxil olmaqla bütün cəbhə xəttlərində döyüş əməliyyatlarının dərhal dayandırılmasını və yekunlaşdırılmasını tələb ediblər.
Bundan başqa, Hörmüz boğazının yenidən fəaliyyətə başlaması İran və Oman Sultanlığının həmin su yolunda razılaşdırdığı yeni gəmiçilik xəttinin tanınması, eləcə də digər istiqamətlərin bağlanması şərtlərinə bağlandığı qeyd olunub. Eyni zamanda, İran Qətərdə saxlanılan aktivlərinin üzərindəki qadağanın qaldırılmasını da tələb edir.
