
Lider.com.az istinadən bildirir ki, Polşanın Baş naziri Donald Tusk sağçı millətçi müxalifət təmsilçilərini hüquqi dövləti və demokratiyanı aradan qaldırmağa çalışmaqda ittiham edib.
Bu bəyanat onun Konstitusiya Tribunalının binası yaxınlığında baş verən hadisələrə hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonrakı ilk ictimai çıxışı olub.
Sosial şəbəkədəki səhifəsində ad çəkmədən paylaşım edən hökumət başçısı ölkədə uzun illərdir ki, demokratiya və hüquqi dövlət prinsiplərini dağıtmaq istəyən siyasi xadimlərin və qurumların fəaliyyət göstərdiyini vurğulayıb.
Baş nazir Donald Tuskun rəhbərlik etdiyi kabinetlə Prezident Karol Navrotski arasındakı Konstitusiya Tribunalı mübahisəsi fonunda ölkədə siyasi böhran daha da dərinləşməkdədir.
Gərginliyin artmasına hakim Anna Korvin-Petrovskayanın tribunalın sədri Boqdan Sventçkovskini və onun müavini Bartos Soxanskini müvəqqəti olaraq vəzifə səlahiyyətlərindən uzaqlaşdırması təkan verib. Eyni zamanda həmin hakim qurumun rəhbərliyini öz üzərinə götürmək istədiyini bəyan edib.
Müxalifətdəki “Hüquq və Ədalət” partiyasının təmsilçiləri baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər. Cümə günü Varşavada tribunalın binası qarşısında etiraz mitinqi təşkil olunub. Polis məlumatına əsasən, binaya soxulmağa cəhd və hüquq-mühafizə əməkdaşları ilə toqquşma səbəbindən üç nəfər saxlanılıb.
Seneqala səfərini vaxtından əvvəl dayandıran Prezident Karol Navrotski ölkəyə qayıdaraq tribunal binasına baş çəkib. O, konstitusiya quruluşunun pozulduğunu elan edərək parlamentdəki siyasi qüvvələrin nümayəndələri ilə təcili məsləhətləşmələrə başlayıb.
Konstitusiya Tribunalı ətrafındakı çəkişmələr 2015-ci ildən bəri davam edir və əsasən hakimlərin təyinatı, həmçinin məhkəmə sahəsində həyata keçirilən islahatlarla əlaqədardır. Tusk kabineti 2023-cü ildə hakimiyyətə gəldikdən sonra məhkəmə müstəqilliyini bərpa edəcəyini açıqlayıb, lakin bu addımlar müxalifətin və dövlət başçısı Navrotskinin sərt müqaviməti ilə qarşılaşıb.
Hazırkı qarşıdurmanın əsasında hakimlərin təyin edilməsinin qanuniliyi və dövlət qurumlarının səlahiyyət hədləri ilə bağlı fikir ayrılıqları dayanır və tərəflər hələlik böhranın həlli ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
