
Lider.com.az istinadən bildirir ki, Türkiyədə 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qaydalar qüvvəyə minib.
Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanan və oktyabrın 10-da Rəsmi Qəzetdə dərc olunan qaydalara əsasən, Türkiyədə yerli və xarici sosial şəbəkə platformaları 15 yaşını tamamlamayan şəxslərə xidmət göstərə bilməyəcək.
Yaş təsdiqi “e-Devlet” sistemi vasitəsilə yaradılan xüsusi rəqəmsal təsdiq nişanı ilə həyata keçiriləcək və platformalar yalnız istifadəçinin 15 və ya 18 yaşını tamamlayıb-tamamlamadığı barədə məlumat əldə edəcəklər.
Artıq mövcud olan hesabların yaş yoxlaması 31 mart 2027-ci ilədək başa çatdırılmalıdır və yaşı 15-dən az olan istifadəçilərin hesabları bağlanacaq.
15-17 yaşlı yeniyetmələrin hesabları isə qapalı olacaq, onlar yalnız izlədikləri hesablardan mesaj ala biləcək, həmçinin canlı yayım aça bilməyəcəklər və bu yaş qrupuna aid şəxsi məlumatlardan fərdiləşdirilmiş reklam məqsədilə istifadə olunması qadağan ediləcək.
Yeni qaydalar valideynlərə övladlarının sosial şəbəkələrdə keçirdikləri vaxta nəzarət etmək, həmçinin ödənişli xidmətlərə məhdudiyyət qoymaq imkanı verəcək.
