
Lider.com.az istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın nəzarəti altındakı ərazilərdən imtina etməyəcəyini bəyan edib.
Dövlət başçısı bu barədə Türkiyəyə səfəri zamanı müsahibəsində danışıb.
O qeyd edib ki, Krım daxil olmaqla şərqdəki torpaqların Rusiyaya məxsus olduğunu qəbul etmək qeyri-mümkündür və bu, cəmiyyətin iradəsinə, konstitusiyaya və qürura ziddir.
Rusiya tərəfinin bunu müxtəlif vasitəçilər vasitəsilə çatdırmağa çalışdığını deyən Zelenski, bunun məntiqli yanaşma olmadığını vurğulayıb.
Onun sözlərinə görə, əsas prioritet mövcud cəbhə xəttində atəşkəsin əldə olunması və bundan sonra digər məsələlərin müzakirə edilməsidir.
Ukrayna ilə Rusiya arasındakı sülh prosesi çərçivəsində baş tutacaq görüşün gündəliyinə enerji təhlükəsizliyi, dənizdə atəşkəs və əsir mübadiləsi kimi mövzular daxil olacaq.
Liderlər zirvəsində əsas müzakirə mövzusu isə güclü izləmə mexanizminin nəzarəti altında qeyd-şərtsiz tam atəşkəsin təmin edilməsidir.
Lider həmçinin təhlükəsizlik zəmanətlərinin vacibliyinə toxunaraq, hücuma məruz qalan tərəfin məhz Ukrayna olduğunu və bu zəmanətlərə onların ehtiyac duyduğunu, lakin Rusiyanın da bu məsələni qaldırdığını diqqətə çatdırıb.
