
Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski Birləşmiş Ştatlardan ölkəsinə təcili olaraq “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin təmin edilməsini xahiş edib.
Volodimir Zelenski Telegram səhifəsindəki paylaşımında bildirib ki, təkcə həmin gecə Rusiyanın endirdiyi zərbələr Ukraynanın Dnepropetrovsk, Vinnitsa, Jitomir və Xmelnitski vilayətlərində enerji infrastrukturunu nişan alıb.
O qeyd edib ki, bunlar sakinlərin yaşadıqları evləri işıqla təmin edən transformatorlar, yarımstansiyalar və elektrik xətləridir, hazırda hər yerdə bərpa briqadaları fəaliyyət göstərir və yüz minlərlə ailə işıqsız qalıb.
Ukrayna liderinin sözlərinə görə, Rusiya ölkənin digər mühüm infrastruktur obyektlərinə də fasiləsiz olaraq kütləvi hücumlar təşkil edir və ötən həftə ərzində Ukrayna ərazisinə 1940 zərbə tipli dron, 1580-dən artıq idarəolunan aviasiya bombası, eləcə də 36-sı ballistik olmaqla 44 müxtəlif növ raket atılıb.
Hücumların son dərəcə yüksək intensivliklə davam etdiyini vurğulayan prezident əlavə edib ki, rus qoşunları ballistik raketlərin qarşısını almaq üçün gərəkli sursatların çatışmazlığından maksimum dərəcədə faydalanmağa çalışırlar.
Ukrayna Prezidenti vurğulayıb ki, onlar ABŞ, Avropa və dəstək göstərən digər tərəfdaşlarla “Patriot” sistemləri üçün sursat tələbatı barədə hər gün ünsiyyət saxlayırlar.
Onun sözlərinə görə, cari ayda Birləşmiş Ştatlar və Avropa dövlətləri tərəfindən yeni yardım paketlərinin verilməsi barədə qərarlar qəbul olunub, lakin bu təchizatlar illərlə gözləyə bilməz.
Zelenski qeyd edib ki, Rusiya məhz indi infrastrukturu məhv edir, insanları qətlə yetirir və qarşıdakı qış mövsümündə ballistik raketlərdən intensiv istifadə etməyə çalışır.
Məhz buna görə də hava hücumundan müdafiə məsələləri üzrə addımların dərhal atılmasının vacibliyini diqqətə çatdıran Ukrayna rəhbəri ölkəsinin səmasının qorunmasına kömək edən hər kəsə minnətdarlığını bildirib.
