
Lider.com.az istinadən bildirir ki, Böyük Britaniya 10 milyard funt-sterlinqlik maliyyə paketi vasitəsilə Ukraynaya həm hərbi, həm də maliyyə yardımlarını davam etdirəcək.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Brüsseldə Avropa İttifaqı ilə Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə mövzusunda təşkil olunan dialoq zamanı məlumat verib.
O bildirib ki, ötən həftə maliyyə naziri Con Hili Ukraynaya dəstək məqsədilə 10 milyard funt-sterlinq, qış mövsümündəki yardımlar üçün isə əlavə 500 milyon funt-sterlinq ayırıb.
Nazirin diqqətə çatdırdığına görə, Böyük Britaniya ilə Almaniya Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun yaxınlaşan iclası qabağı digər müttəfiqləri səfərbər edirlər və Stritinq həmin quruma almaniyalı həmkarı Boris Pistoriusla birlikdə həmsədrlik edir.
O əlavə edib ki, Ukrayna şəhərlərinin Rusiya tərəfindən mütəmadi olaraq atəşə məruz qalmasına baxmayaraq, cəbhə xəttindəki vəziyyət praktik olaraq dəyişməz qalıb və Rusiya tərəfi böyük itkilərə məruz qalır.
Stritinq vurğulayıb ki, tərəfdaşlar qış aylarında Kiyevə yardımları artırmalı və Ukraynaya dəstəyi davam etdirmək əzmində olduqlarını Moskvaya açıq şəkildə göstərməlidirlər.
Nazir qeyd edib ki, Kreml bu mesajı almalı, Putin isə Ukraynanın tərəfdarlarının lazım olduğu qədər yardım göstərməkdə qərarlı olduğunu dərk etməlidir.
