15:11

Hər dayanacaqda bir tarix, hər döngədə bir mənzərə: Qarabağdan reportaj

Hər dayanacaqda bir tarix, hər döngədə bir mənzərə: Qarabağdan reportaj

Lider.com.az istinadən bildirir ki, radioda səslənən "Bir-birindən xoş ola ötən hər bir çağımız, günü-gündən ucala bu Vətən torpağımız..." misralarının fonunda Ağdam postuna çatıblar. Dilimizdə şükür, qarşımızda isə günü-gündən ucalan azad Qarabağ yerləşir.

Qarabağa ikigünlük səfər zamanı ziyarət ediləcək tarixi məkanlar və əvvəllər yalnız eşidilən, lakin ilk dəfə şəxsən görünəcək ərazilər olduqca çoxdur. Bu səfərin əsas məqsədi sadəcə bir neçə tarixi abidəni gəzmək deyil, həmçinin azad olunmuş bölgələrin kəndlərini, yollarını, təbiətini, bir sözlə, torpaqların müasir görkəmini lentə almaq və yaddaşda yaşatmaqdır.

Qarabağa aparan yolların hər dönümündə fərqli bir mənzərə, hər nöqtəsində isə fərqli bir tarix üzə çıxır. İşğal dövrünün xarabalıqları müasir, geniş yollar, abad kəndlər və qəsəbələrlə əvəz olunur. Səfərin ilk dayanacağı Ağdərə rayonunun Vəngli kəndi olub və kəndə çatmaq axşam saatlarına təsadüf edib. Ətrafın artıq qaranlığa qərq olması səbəbindən səhərin açılması və buranın gündüz vaxtı gəzilməsi səbirsizliklə gözlənilib.

Səhər açıldıqdan sonra gecələnilən evin eyvanından kəndin ən hündür hissəsində yerləşən əzəmətli Gəncəsər monastırı açıq-aşkar görünüb. İlk ziyarət ünvanının məhz həmin yer olacağı qərarlaşdırılıb və abidəni yaxından seyr etmək üçün yola çıxılıb.

Gəncəsər sadəcə dağ qoynundakı qədim tikili deyil, eyni zamanda orta əsrlərdə Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri olmaqla yanaşı, uzun illər ərzində erməni saxtakarlığına məruz qalan abidələrdəndir. Elmi ədəbiyyatda "Xəznədağ məbədi" kimi də tanınan kompleksin əsas hissələri XIII əsrdə tikilib. Monastırın ucaldığı Xaçınçay sahilindəki təpə hələ xristianlıq dövründən əvvəl də müqəddəs ocaq sayılyıb. Rus çarı I Nikolayın 1836-cı ildə Alban Katolikosluğunu ləğv etməsindən sonra Gəncəsər də digər alban kilsələri kimi erməni qriqoryan kilsəsinin tabeçiliyinə verilib. Nəticədə monastırın erməniləşdirilməsi prosesi başlayıb, tikililər və daş kitabələr saxtakarlığa uğrayıb, tarixi alban memarlıq üslubu qəsdən dəyişdirilib. Hətta ermənilər 2012-ci ildə abidənin divarlarını mərmər plitələrlə örtməyə də cəhd göstəriblər. Hazırda isə bu irs yenidən əzəli sahiblərinə qayıdıb və tarixi xəzinə kimi qorunur.

Monastır hərtərəfli gəzildikdən sonra kənd mərkəzinə geri qayıdılıb. İnsanlar doğma ocaqlarına qayıdaraq yenidən quruculuq işləri aparır və təsərrüfatlarını canlandırırlar. Sakinlərin əsas hissəsi kənd təsərrüfatı ilə məşğuldur. Bu mənzərə fonunda diqqəti çəkən çoban sürüsünü otararkən uzaqdan əl sallayıb səslənib:

"Vəngliyə xoş gəlmisiniz! Gəlin, qonağım olun, sizin üçün bir quzu kəsim!"

Ona minnətdarlıq bildirilərək iş başında olduqları söylənilib.

"Heç olmazsa bir çayımızı içərsiniz. Yaxşı balımız var", - deyə qonaqpərvər kənd sakinləri israr ediblər.

Bu sadə və səmimi dəvətin arxasında dərin bir doğmalıq dayanır. İllər sonra öz evinə dönən şəxsin tanımadığı səyyaha "xoş gəlmisiniz" söyləməsi qayıdış sevincinin parlaq təzahürüdür. Kənd sakini ilə qısa söhbətdən sonra yola davam edilib.

Vənglini cəlbedici edən təkcə möhtəşəm dağ mənzərələri və qədim abidələr deyil, həm də buradakı həyatın özünəməxsus ahəngidir. Hal-hazırda Vəngli geniş turizm imkanları ilə də diqqət çəkir. Kənddə fəaliyyətə başlayan restoranlar, otellər və digər xidmət məntəqələri bölgənin gələcək potensialından xəbər verir.

Yol kənarında qadınlar sac qoyaraq kətə və yuxa bişirirlər. Təndirdən gələn isti çörək qoxusu isə bu torpaqların doğmalığını daha da artırır. Kənd mərkəzinə toplaşan sakinlər arasında ağsaqqallardan biri qayıdışla bağlı sualı bir cümlə ilə cavablandırıb: "Elə bil dünyaya yenidən gəlmişəm".

Bir qədər aralıda isə uşaqlar əylənirlər. Onlardan biri qarğıdan özünə at düzəldib. Uşaqlığın sadə, lakin unudulmaz oyunlarından biri Vəngli küçələrində yenidən canlanıb.

Bu mənzərəyə şahid olanda adam istəmədən düşünür ki, bəlkə də bu uşaqlar fərqində olmadan valideynlərinin, babalarının və nənələrinin bu torpaqlarda yarıda qalan uşaqlığını yaşadırlar. Vaxtilə bu yerlərdə böyüyən nəsillərin yaddaşında donub qalmış həyat yeni nəslin gülüşündə, oyunlarında və gündəlik qayğılarında yenidən cücərir.

Qarabağda həyatın ən ali gözəlliyi də məhz bundadır. Tarix burada həm qədim daş divarlarda yaşayır, həm də gələcək nəsillərin səsində, küçələrdən gələn uşaq gülüşündə, isti çörəyin ətrində hiss olunur. Buralar təkcə bərpa edilmir, eyni zamanda öz ruhuna və doğma həyat ritminə qovuşur.

Vənglidən zəngin təəssüratlarla ayrıldıqdan sonra yol davam etdirilib. Kənd arxada qaldıqca mənzərə də dəyişməyə başlayıb. Yol daha hündür və sərt dağlıq ərazilərə uzanıb. Əzəmətli dağlar yaxınlaşıb, yollar daralıb, döngələr isə sərtləşib. Bu çətin yolun sonunda Azərbaycanın ən qədim tarixi məkanlarından biri olan Kəlbəcərdəki Xudavəng monastırı ziyarətçiləri qarşılayıb.

Uca dağların əhatəsində yerləşən Xudavəng kompleksi müxtəlif dövrlərə aid tikililəri, əsrlərin izini daşıyan alban memarlığının nadir nümunələrini qoruyub saxlayıb. Orada bir müddət dayanaraq ətrafa baxdıqda Xudavəngin adi daşlardan ibarət olmadığı bütün varlıqla hiss olunur. Bu divarlar əsrlər boyu baş verən tarixi hadisələrin səssiz şahidləridir. İşğalın son on-iyirmi ili ərzində ermənilər tərəfindən monastırda qanunsuz bərpa işləri aparılıb və bunun yeganə məqsədi tarixi saxtalaşdırmaq olub. Kompleksdə Həsən Cəlal nəslindən olan hökmdarların təsvir edildiyi nadir freskaların, qədim alban tarixi irsini sübut edən rəmz və naxışların silinərək zədələnməsi tarixi həqiqətlərə qarşı açıq təxribat idi. Dağların qoynunda əsrlərə meydan oxuyan həmin abidə indi tamam fərqli ab-havadadır. Vaxtilə azərbaycanlılar üçün ayaq basmaq mümkün olmayan bu ərazilərdə indi sərbəst şəkildə dayanaraq şanlı tarixə toxunmaq mümkündür.

Xudavəngdən ayrıldıqdan sonra marşrut yenidən dağların arasından keçib. Qısa müddət sonra qarşıda tamamilə başqa, əsrarəngiz bir mənzərə peyda olub: Sərsəng su anbarı.

Dağların arasında qəfildən görünən bu nəhəng su hövzəsi insanda dərin təəssürat oyadır. Bir tərəfdə vüqarlı və uca dağlar, digər tərəfdə isə sakitcə uzanan mavi sular yerləşir. Yolboyu görünən bütün gözəlliklər içərisində Sərsəngin görüntüsü xüsusilə yaddaşlara həkk olunur. Tərtərçay üzərində salınan Sərsəng su anbarı Qarabağın ən iri su təsərrüfatı obyektlərindən biridir. İşğal illərində bu su anbarına nəzarət edən Ermənistan su ehtiyatlarından Tərtər və ətraf rayonların təminatına zərbə vurmaq, bölgədə süni quraqlıq yaratmaq üçün təzyiq və ekoloji terror vasitəsi qismində istifadə edib. Hazırda isə ərazidə su təsərrüfatı infrastrukturunun bərpası və səmərəli istifadəsi istiqamətində ciddi tədbirlər görülür. Vaxtilə təhdid silahına çevrilən Sərsəng indi Qarabağın dirçəliş və həyat rəmzlərindən birinə çevrilib. Sahildə dayanıb bu mənzərəni izləyərkən onun sadəcə su anbarı olmadığını, ətrafdakı yaşıl dağlarla bütövləşən Qarabağın ən füsunkar təbiət incisi olduğunu anlayırsan.

İki gün ərzində qət edilən yollar insanı bir kənddən digərinə, bir tarixdən başqa bir tarixə aparıb. Vənglidə həyatın yenidən canlandığı görülüb, Gəncəsərdə əsrlərin izinə toxunulub, Xudavəngdə daşlara həkk olunmuş qədimliyin qarşısında sükuta dalınıb, Sərsəngdə isə Qarabağ təbiətinin əzəmətinə şahidlik edilib. Ehtimal ki, bu səfərin ən yaddaqalan tərəfi Qarabağdakı hər yolun, kəndin və dağın özünəməxsus danışılmamış hekayəsinin olmasıdır. Həmin hekayələri öyrənməyin ən gözəl yolu uzaqdan eşitmək deyil, məhz yola çıxaraq o yerləri öz gözlərinlə görməkdir.

İkigünlük səfər bu nöqtədə başa çatsa da, görülənlər bir daha sübut edir ki, Qarabağda yalnız yol bitə bilər, lakin bu müqəddəs torpaqların yenidən quruluş və dirçəliş hekayəsi hələ yeni başlayır və əbədi davam edəcək.

Xəbər lenti

    Çox oxunanlar