
Lider.com.az istinadən bildirir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun cəbhə boyu törətdiyi irimiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələri sonradan "Dəmir yumruq" adını alan əks-hücum əməliyyatına qədəm qoyub. Otuz ilə yaxın davam edən işğalın aradan qaldırılması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin noyabrın 2-nə olan xronikası açıqlanıb.
Dövlət başçısı İlham Əliyev rəsmi "Twitter" hesabında ordumuzun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir sıra kəndlərini işğaldan azad etdiyini bildirib. Həmçinin, Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər rəsmi şəxsləri qəbul edib.
Müharibə zamanı məhv edilən düşmən texnikasının siyahısı ictimaiyyətə təqdim olunub. Ermənistan silahlı qüvvələri Ağdam və Ağcabədi rayonlarını atəşə tutub, həmçinin dövlət sərhədində atəşkəsi pozub. Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstərən qarşı tərəf otuza yaxın canlı qüvvə itkisi verərək geri çəkilməyə məcbur edilib.
Döyüş əməliyyatları zamanı ermənilərə məxsus "Su-25" hücum təyyarəsi vurulub. Düşmənin dörd "Qrad" qurğusunun məhv edilməsini əks etdirən videogörüntülər yayımlanıb. Erməni birləşmələrinin Tərtər və Goranboy rayonlarını intensiv atəşə tutduğu, eləcə də Ermənistan ərazisindən Qubadlı istiqamətini növbəti dəfə hədəfə aldığı qeyd olunub. Eyni zamanda, düşmənin canlı qüvvəsinin darmadağın edilməsi və "KUB" zenit-raket kompleksinin dəqiq zərbə ilə sıradan çıxarılmasına dair görüntülər yayımlanıb.
