
Lider.com.az istinadən bildirir ki, "Baku Book Center"də bu gün "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" adlı nəşrin təqdimat mərasimi baş tutub.
Müəlliflər Liam Kollinz və Con Spenser tədbir zamanı əsərin ərsəyə gəlməsi, apardıqları araşdırmaların əsas istiqamətləri və əldə etdikləri yekun nəticələr barədə iştirakçılara ətraflı məlumat veriblər.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərinə həsr olunan bu kitabın hazırlanmasına təxminən iki il vaxt sərf edilib.
Sözügedən nəşr ölkəmizin qazandığı qələbəyə həsr olunan ilk xarici irimiqyaslı və sistemli hərbi tədqiqatlardan biri olaraq diqqət çəkir.
Hərbi tədqiqatlar sahəsində ixtisaslaşan Uest-Poynt Hərbi Akademiyası mütəxəssislərinin bu araşdırmada iştirak etməsi isə işin elmi-analitik dəyərini daha da artırır.
Kitabda Qarabağ münaqişəsinin tarixi köklərindən başlanaraq Birinci Qarabağ müharibəsi, Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfəri və ondan sonrakı hərbi-siyasi prosesləri əhatə edən geniş bir dövr diqqət mərkəzində saxlanılıb.
Nəşrin müxtəlif bölmələrində ölkəmizin irimiqyaslı müharibəyə hazırlıq strategiyası, "Dəmir yumruq" əməliyyatı, 44 günlük müharibənin əsas mərhələləri, ordumuzun Hadrut, Füzuli, Zəngilan, Qubadlı istiqamətlərindəki döyüşləri, Şuşa uğrunda əməliyyatlar, həmçinin 2023-cü ildə reallaşdırılan antiterror tədbirləri ətraflı şəkildə təhlil edilib.
Kitabın ən maraqlı məqamlarından biri də qələbənin yalnız pilotsuz uçuş aparatlarının tətbiqi sayəsində əldə olunduğu barədə cəmiyyətdə geniş yayılmış fikrin tənqidi şəkildə araşdırılmasıdır.
Tədqiqatçıların fikrincə, bu qələbənin arxasında milli güc, dövlət quruculuğu, iqtisadi tərəqqi, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi kimi daha geniş amillər kompleksi dayanıb.
