
Lider.com.az istinadən bildirir ki, müdafiə nazirinin 2026-cı il üçün təsdiqlədiyi tədbirlər planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları növbəti məşq uçuşları həyata keçiriblər.
Məşq proqramına uyğun olaraq, əvvəlcə uçuş şərtləri və təhlükəsizlik tədbirləri üzrə şəxsi heyətin nəzəri hazırlığı yoxlanılıb, həmçinin təhlükəsizlik qaydaları bir daha xatırladılıb.
Uçuş heyətinin tibbi müayinədən keçərək sağlamlıq durumu qiymətləndirildikdən sonra hərbi pilotlar Su-25 ML və L-39 təyyarələrinə baxış keçiriblər.
Manevrlər zamanı pilotlar havaya qalxma və enmə, fərqli hündürlüklərdə pilotaj hərəkətləri, şərti düşmənin yerüstü obyektlərinin koordinatlarının müəyyənləşdirilməsi, hava kəşfiyyatının icrası və digər tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Uçuşların təşkilində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərini artırmaq, həmçinin ölkəmizin hava məkanında yarana biləcək istənilən təhlükəyə qarşı səriştə və bacarıqları daha da təkmilləşdirməkdir.
