14:53

Kəmaləddin Heydərov Rusiya FHN rəhbəri ilə görüşüb və birgə sənəd imzalayıblar

Kəmaləddin Heydərov Rusiya FHN rəhbəri ilə görüşüb və birgə sənəd imzalayıblar

Lider.com.az istinadən bildirir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakıda təşkil olunan yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, general-polkovnik Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə bir araya gəlib.

Nazir Kəmaləddin Heydərov qonaqları salamlayaraq dünya çempionatında iştirak etdikləri üçün minnətdarlığını çatdırıb və bu cür mötəbər beynəlxalq yarışın respublikamızda baş tutmasının əhəmiyyətini önə çəkib. O, bu çempionatın Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına daxil olan ölkələrin xilasediciləri arasında peşəkar əlaqələrin möhkəmlənməsinə, təcrübə mübadiləsinə, eləcə də yanğın-xilasetmə idmanının inkişafına böyük təkan verəcəyinə inamını dilə gətirib.

Azərbaycan ilə Rusiya arasındakı hərtərəfli əlaqələrin durmadan inkişaf etdiyini xatırladan nazir, bu xüsusda hər iki ölkənin müvafiq qurumlarının fövqəladə hallarla mübarizə sahəsində səmərəli əməkdaşlıq qurduqlarını söyləyib. Fövqəladə hallara hazırlıq dərəcəsinin artırılması, peşəkar kadrların hazırlanması, elmi-metodiki sahədə əməkdaşlıq, operativ məlumat mübadiləsi və digər istiqamətlərdəki uğurlu tərəfdaşlıqdan bəhs edən K.Heydərov cari səfərin əlaqələrin daha da genişlənməsinə əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı və müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin artırılması baxımından Birgə Tədbirlər Planının mühüm rol oynayacağı xüsusi olaraq qeyd edilib.

Rusiya tərəfinin naziri Aleksandr Kurenkov qəbula görə təşəkkürünü bildirərək, Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının son dərəcə yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

A.Kurenkov iki ölkə arasındakı sıx tərəfdaşlıq və qarşılıqlı etimad mühitindən irəli gələrək hər iki nazirlik arasında mövcud münasibətlərin səviyyəsindən razı qaldığını bildirib. O, səfər çərçivəsində aparılan müzakirələrin, fikir mübadilələrinin və imzalanan Birgə Tədbirlər Planının əməkdaşlığın dərinləşməsinə, həmçinin yeni birgə təşəbbüslərin reallaşmasına əlavə güc verəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da ətraflı fikir mübadiləsi aparılıb.

Sonda "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2027-2029-cu illər üçün Birgə Tədbirlər Planı" imzalanıb. Sənədi Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, general-polkovnik Aleksandr Kurenkov imzalayıblar.

Xəbər lenti

    Çox oxunanlar