
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi əraziləri daşqınlardan və sel sularından qorumaq istiqamətində təxirəsalınmaz tədbirləri 2026-cı ildə də davam etdirir.
Qurumun balansında ümumilikdə 1382 kilometrdən çox mühafizə bəndi mövcuddur ki, bunun 936 kilometri Kür çayının, 134 kilometri Araz çayının, 312 kilometri isə dağ çayları ilə göllərin payına düşür. Həmçinin bu bəndlərin üzərində olan 123 hidrotexniki qurğu daimi işlək və saz vəziyyətdə saxlanılır. Çaylardakı sərt döngələrdə sahil yuyulması riskini aradan qaldırmaq üçün 2012–2025-ci illər aralığında 21689 paqon metr məsafədə daş-beton sahilbərkitmə tədbirləri görüülüb. Cari ilin əvvəlindən bəri isə 39 kilometrlik sahədə bəndlərin təmiri və qayakəsmə, 16 kilometrlik məsafədə isə məcratəmizləmə işləri icra olunub.
Ötən il ərzində idarə tərəfindən Kür, Araz və dağ çaylarında 125 kilometrlik bənd təmiri, 31 kilometrdən çox qayakəsmə, eləcə də 36 kilometrlik məcratəmizləmə işləri yekunlaşdırılıb. Qaya uçqunları təhlükəsi olan 1680 paqon metr məsafədə isə daş-betonla sahilbərkitmə həyata keçirilib. Mövcud qrafikə əsasən, yaz-yay daşqınlarına hazırlıq məqsədilə qurum gücləndirilmiş rejimdə çalışır, bəndlərin dayanıqlığı artırılır və suyun maneəsiz axınına əngəl törədən yabanı ağaclar ilə kol-koslar təmizlənir.
Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi Qazax, Ağstafa, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, Ağsu, İmişli, Biləsuvar, Sabirabad, Beyləqan, Füzuli, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala olmaqla ümumilikdə 21 rayonu əhatə edən xidməti ərazidə fəaliyyət göstərir.
