
Lider.com.az istinadən bildirir ki, noyabrın 4-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Marsol Academy-nin təşkilatçılığı, "Techno Shop” şirkətinin baş sponsorluğu, həmçinin "Inch Mark” və "Sonifer” şirkətlərinin dəstəyi ilə 8 Noyabr - Zəfər Günü münasibətilə beşinci "Marsol Zəfər Kuboku” adlı şirkətlərarası "Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.
Tədbirin rəsmi açılışında İCMA İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, millət vəkili Vüqar İskəndərov və Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli çıxış edərək yığıncaq iştirakçılarını salamlayıb, onlara müvəffəqiyyətlər arzulayıb və belə təşəbbüslərin sahibkarların intellektual səviyyəsinin yüksəldilməsindəki rolunu qeyd ediblər.
Natiqlər həmçinin Zəfər Gününün xalqımızın tarixində müstəsna yer tutduğunu diqqətə çatdıraraq, şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə isə şəfa diləyiblər.
Marsol Group-un tərəfdaşı olan 17 müəssisənin, eləcə də dövlət qurumlarının təmsil olunduğu turnirdə ümumilikdə yüzdən artıq şirkət nümayəndəsi qüvvəsini sınayıb.
Gərgin və rəqabətli şəraitdə keçən, cəlbedici və dinamik sualların səsləndirildiyi yarışmada kollektivlər məntiq və biliklərini nümayiş etdiriblər.
Mübarizənin nəticələrinə əsasən mükafatçılar müəyyənləşib və "Birbank Biznes” kollektivi sayca beşinci "Marsol Zəfər Kuboku” turnirinin birinciliyini qazanıb.
İkinci yeri "Paşa Life” heyəti tutduğu halda, "Roof Academic Training” təşkilatının komandası üçüncü pillədə qərarlaşıb.
Sonda mükafatçılara diplomlar, medallar, pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.
