
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi şəhərində Qarabağ Universitetinin Kitabxanası ilə yanaşı, İnnovasiya Mərkəzinin də binalarının təməlqoyma mərasimlərində iştirak edib.
Ölkə başçısına gələcəkdə bu tikililərdə qurulacaq şərait barədə ətraflı məlumat verilib.
Təqdimat zamanı vurğulanıb ki, sözügedən kitabxana akademik mühitin tələbəyönümlü inkişafına, müasir informasiya bazalarına çıxış imkanlarının artırılmasına və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək əsas infrastruktur vahidlərindən birinə çevriləcək, həmçinin tələbələrin və işçilərin oxu ilə informasiya tələbatını ödəyəcək, onların müstəqil tədqiqat bacarıqlarını gücləndirəcək.
Layihəyə əsasən, dördmərtəbəli müasir standartlı binada eyni anda təxminən 1100 nəfər tələbənin yararlana biləcəyi funksional oxu zalları, qrup və ya fərdi şəkildə öyrənmək, eləcə də görüşmək üçün xüsusi məkanlar yaradılacaq və bu obyekt həm də yerli ictimaiyyət üçün bilik mənbəyi rolunu oynayaraq regionun sosial-mədəni həyatının dirçəlməsinə təkan verəcək.
Məlumatda o da diqqətə çatdırılıb ki, İnnovasiya Mərkəzi sahibkarlıq və innovasiya ekosisteminin genişlənməsində, elmi nəticələrin istehsalata tətbiqində, eləcə də yeni texnologiyalarla ideyaların dəstəklənməsində mühüm rol oynayacaq.
Bu mərkəz gənclərin yaradıcılıq və tənqidi düşüncə qabiliyyətlərini artırmaqla yanaşı, universitet ilə sənaye, dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək, bölgədə biliklərlə zəngin iqtisadiyyatın və texnoloji tərəqqinin inkişafına töhfə verəcək.
