
Lider.com.az istinadən bildirir ki, bu gün Şuşanın düşmən tapdağından azad edilməsinin üstündən altı il keçir.
Həmin yaşayış məntəqəsi 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azadlığa qovuşdurulub.
Bununla da erməni işğalçılarından təmizlənən qədim şəhərin üzərində ölkəmizin üçrəngli şanlı bayrağı dalğalandırılıb. Həmin gün dövlət başçısı Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad olunduğunu bəyan edib.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsinin taleyini həll edən ən parlaq hərbi əməliyyatlardandır. Hərbçilərimiz bu əməliyyat zamanı sıx meşələrdən, keçilməz yarğanlardan və çətin dağlıq yollardan keçərək şəhərə doğru irəliləyiblər.
Noyabrın 7-də hərbçilərimiz qayalara dırmaşaraq yüngül silahlarla şəhərə daxil olublar. Xüsusi Təyinatlı Qüvvələrimiz müxtəlif istiqamətlərdən irəliləmək üçün yüz nəfərlik dəstələrə ayrılaıblar. Toqquşmalar zamanı Ermənistan tərəfindən azərbaycanlı hərbçilərə qarşı "İsgəndər" ballistik raketləri də atılıb. Lakin buna baxmayaraq, müzəffər ordumuz erməni hərbi birləşmələrini məğlub edərək şəhərdən çıxarıb.
Dövlət başçısının 2021-ci ilin mayında imzaladığı sərəncama əsasən, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı statusunu alıb.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-ci il tarixli sərəncamına əsasən isə hər il noyabrın 8 tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur.
Qeyd edək ki, Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmişdi. İşğal nəticəsində şəhərin iyirmi iki min sakini məcburi köçkün düşərək ölkəmizin müxtəlif bölgələrində məskunlaşıb. Həmin dövrdə 195 nəfər həlak olub, 165 nəfər yaralanıb, 55 nəfər isə əsir və girov götürülüb.
