
Lider.com.az istinadən bildirir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun cəbhəboyu törətdiyi irimiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələri sonradan "Dəmir yumruq" adını alan əks-hücum əməliyyatına start verib, dörd və dörd gün davam edən Vətən müharibəsi otuz ilə yaxın davam edən işğalın başa çatması və ölkənin ərazi bütövlüyünün bərpası ilə yekunlaşıb.
Həmin il noyabrın 8-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə paylaşımda bulunub.
Paylaşımda qeyd olunub: "Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz qardaşlar və bacılar!"
Müraciətin davamında bildirilir: "Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"
