
Lider.com.az istinadən bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər və Dövlət Bayrağı günləri münasibətilə paytaxtda təşkil olunacaq hərbi yürüşlərlə əlaqədar sürücülərə çağırış ünvanlayıb.
Bildirilib ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində təyin olunmuş marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri reallaşdırılacaq və hərbçilər noyabrın 9-da saat 11:00-dan 13:00-dək göstərilən istiqamətlər üzrə hərəkət edəcəklər.
Birinci yürüş marşrutu Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı və Dəniz Vağzalını əhatə edir.
İkinci yürüş marşrutu Şəhidlər Xiyabanı, "Alov Qüllələri" Kompleksi, Çəmbərəkənd parkı, "İçərişəhər" metrostansiyası, Qala qapısı, Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi və Bəhram Gur heykəlindən keçir.
Üçüncü yürüş marşrutu Q.Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti və Şəhidlər Xiyabanını əhatə edir.
Dördüncü yürüş marşrutu "Olimpik Star" İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İmadəddin Nəsimi heykəli və Neftçilər prospekti istiqamətindədir.
Beşinci yürüş marşrutu isə Nəriman Nərimanov heykəli, Mərkəzi Park, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev sarayı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və 28 Mall Ticarət Mərkəzindən keçir.
Yol Polisi idarəetməsindən vurğulanıb ki, sürücülərdən və digər yol hərəkəti iştirakçılarından həmin tarixdə gediş-gəlişlərini əvvəlcədən tənzimləmələri, qeyd olunan istiqamətlərdə yarana biləcək sıxlığı nəzərə alaraq alternativ yollara üstünlük vermələri xahiş olunur.
