
Lider.com.az istinadən bildirir ki, Milli Gimnastika Arenasının məşq zalında oktyabrın 27-də akrobatika gimnastikası üzrə otuz birinci, aerobika gimnastikası üzrə isə onuncu dəfə ölkə birincilikləri başlayıb.
Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, ölkənin müxtəlif bölgələrini və klublarını təmsil edən idmançılar iki gün davam edəcək turnirdə müxtəlif yaş qrupları və proqramlar üzrə mübarizə aparırlar.
Turnirin açılış günündə akrobatika növü üzrə uşaqlar, yeniyetmələr və kiçiklər kateqoriyasında balans hərəkətləri proqramı nümayiş etdirilib, qarışıq cütlüklər, eləcə də qadın qrupları və cütlükləri öz məharətlərini göstəriblər.
Eyni gündə aerobika gimnastikası üzrə də gənclər, yeniyetmər, uşaqlar və kiçiklər yaş qruplarındakı idmançılar fərdi proqramlar əsasında mübarizəyə qoşulublar.
Birinci günün sonunda gənclərin aerobika növü üzrə fərdi yarışlarında qadınlar arasında mükafatçılar bəlli olub və yığma komandamızın üzvləri fəxri kürsünün bütün pillələrinə sahib çıxıblar.
Sözügedən mübarizədə Ayan Ağayeva birinci olaraq qızıl medala layiq görülüb, Əminə Mustafayeva ikinci yeri tutaraq gümüş medalla kifayətlənib, Aydan Məlikova isə üçüncü olaraq bürünc medal qazanıb.
Xatırladaq ki, paytaxtda keçirilən ölkə birincilikləri oktyabrın 28-də müxtəlif kateqoriyalar üzrə yeni yarışlarla davam etdirilib.
