23:19

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub, yığma birinci yeri tutub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub, yığma birinci yeri tutub

Lider.com.az istinadən bildirir ki, İtaliyanın Neapol şəhərində təşkil olunan cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan yığmasının idmançıları Əjdər Bağırov və Kənan Nəsibov qızıl medala layiq görülüblər.

Azərbaycan Cüdo Federasiyasının məlumatına əsasən, 100 kiloqramadək çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov həlledici qarşılaşmada almaniyalı Yannis Başiyə qalib gələrək Avropa çempionu adına yiyələnib. Millimizin üzvü qızıl medala gedən yolda İvan Kutenkovu (Ukrayna), Borna Butiyeri (Xorvatiya) və Ronald Prölü (Avstriya) üstələyib.

100 kiloqramdan çox çəkidə yarışan Kənan Nəsibov da çempionatı qələbə ilə başa vurub. O, final görüşündə serbiyalı Vidak Malyeviçi məğlub edərək titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu adını qazanıb. Nəsibov finala qədər Luka İvankoviç (Xorvatiya), Yan Riqo (Fransa) və Morteza Suhanı (Almaniya) mübarizədən kənarlaşdırıb.

Bununla da Azərbaycan komandası fərdi yarışları üç qızıl medalla tamamlayaraq ümumi komanda hesabında birinci pillədə qərarlaşıb. Xatırladaq ki, daha əvvəl 66 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Rəhimov da ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olmuşdu.

Xəbər lenti

    Çox oxunanlar