
Lider.com.az istinadən bildirir ki, paytaxtımızda kişilər arasında XXI, qadınlar arasındasa XII yanğın və xilasetmə idmanı dünya çempionatının rəsmi açılış mərasimi baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qonaqları salamlayıb və yarışın təşkilində əməyi olan beynəlxalq qurumlara, milli federasiyalara, təşkilat komitəsinə, hakimlərə, eləcə də dəstək verən tərəflərə təşəkkürünü çatdırıb.
Nazir bildirib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət sayəsində respublikamız qısa zaman kəsiyində nüfuzlu idman mərkəzinə çevrilib. Onun sözlərinə görə, son dövrlərdə ölkə miqyasında beynəlxalq tələblərə uyğun yeni idman obyektlərinin istifadəyə verilməsi, həmçinin idmanın müxtəlif istiqamətlərinə göstərilən dövlət qayğısı nəticəsində nümayəndələrimiz nüfuzlu beynəlxalq turnirlərdə, qitə və qlobal çempionatlarda, həmçinin Olimpiadalarda böyük uğurlar əldə edərək Azərbaycan bayrağını daima yüksəklərə qaldırıblar.
