
Lider.com.az istinadən bildirir ki, respublikamız bir sıra istiqamətlərdə "yaşıl enerji" ilə ənənəvi qalıq yanacaq enerjisi arasındakı rəqabəti artıq bazar prinsipləri əsasında həyata keçirə bilir.
Bu barədə energetika nazirinin müavini Elnur Soltanov paytaxtda təşkil olunan 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxışı zamanı məlumat verib.
Bununla belə, onun sözlərinə görə, həmin rəqabət hər zaman da mümkün olmayaraq alınmır: "Məsələn, 2 qiqavatlıq qoyuluş gücündə olan enerji ölkəyə təqribən 2 milyard ABŞ dolları yatırımın gəlməsi deməkdir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Azərbaycana ilk gələn şirkətdir. Əslində, ən böyük strateji ortağımızdır və demək olar ki, 2028-ci ilə qədər planlaşdırılan 1 giqavatdan çox qoyuluş gücü məhz "Masdar" şirkətinin üzərinə düşəcək. Lakin 2 milyard ABŞ dolları yatırım qarşılığında Azərbaycan dövləti öz şəbəkəsini gücləndirmək üçün bunun beşdə biri qədər vəsait xərcləməlidir".
Nazir müavini qeyd edib ki, enerji şəbəkələri bərpa olunan mənbələrdən gələn enerjini dərhal və maneəsiz şəkildə qəbul etməkdə çətinlik çəkir: "Çünki şəbəkədə batareya sistemləri qurmalıdır və bərpa olunan enerji idarə olunan deyil. İdarə olunmamaq elektrik enerjisi kimi "kaprizli" bir əmtəəni incidir, çünki elektrik enerjisində balans mütləq şəkildə qorunmalıdır. İstehlak və istehsal bir-birinə bərabər olmalıdır. Balans pozulduğu anda isə "blackout" - bütün sistemin çökməsi baş verə bilər".
Belə halların qarşısını almaq məqsədilə dövlətin sərmayə qoymasının vacibliyini vurqulayan E. Soltanov əlavə edib: "Burada dövlət-özəl tərəfdaşlığı ortaya çıxır. Amma sırf bərpa olunan enerji yatırımlarının miqdarına baxmaq kifayət deyil. Dövlətin kifayət qədər böyük enerji, güc, vaxt və vəsait xərcləməsi çox vacibdir".
