
Lider.com.az istinadən bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Çin istehsalcısından əldə edəcəyi yeni elektrik qatarlarının böyük ölçüdə Bakı–Qazax–Bakı xəttində hərəkətə buraxılması planlaşdırılır.
Bu barədə qurumdan məlumat verilib və qeyd olunub ki, bu addım sayəsində həmin xətdə hazırda istismarda olan qatarlar başqa istiqamətlərə cəlb edilə biləcək.
Səhmdar cəmiyyətindən o da diqqətə çatdırılıb ki, yeni qatarların alınması həm hərəkət tərkibinin təzələnməsinə, həm də vaqonların marşrutlar üzrə daha səmərəli şəkildə paylanmasına və yeni istiqamətlərdə sərnişindaşımaların təşkilinə zəmin yaradacaq.
Eyni zamanda, 2030-cu ilədək Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımalarının mərhələli şəkildə bərpası, habelə Bakı–Xankəndi marşrutunun açılması nəzərdə tutulan planların yeni gətiriləcək 4 qatarın birbaşa həmin xətlərdə işlədiləcəyi mənasına gəlmədiyi vurğulanıb.
Açıqlamaya görə, həmin hədəflər parkın genişləndirilməsi və mövcud hərəkət tərkibinin yenidən bölüşdürülməsi hesabına reallaşdırılacaq.
ADY sərnişinlərin artan nəqliyyat tələbatını ödəmək, xidmət səviyyəsini artırmaq və ölkə daxilində dəmir yolu əlaqələrini inkişaf etdirmək istiqamətində işləri davam etdirəcək.
Xatırladaq ki, oktyabrın 27-də "Azərbaycan Dəmir Yolları" ilə Çinin "CRRC Zhuzhou Locomotive" şirkəti arasında dörd yeni sərnişin qatarının satın alınması ilə əlaqədar müqavilə imzalanıb.
Hər biri 7 vaqondan ibarət olacaq təxminən 135 metr uzunluğundakı qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr təşkil edəcək.
Hər bir qatarda 434 oturacaq yer alacaq və sərnişinlərə birinci, biznes, eləcə də standart siniflər olmaqla üç fərqli sinif təklif ediləcək.
Bağlanmış sazişə əsasən, qatarların təhvil verilməsi iki il ərzində baş tutmalıdır.
