08:18

Avropa Yenidənqurma və İnkişaf Bankı Orta Dəhliz layihələri ilə maraqlanır

Avropa Yenidənqurma və İnkişaf Bankı Orta Dəhliz layihələri ilə maraqlanır

Lider.com.az istinadən bildirir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhliz marşrutu üzrə dayanıqlı nəqliyyat təşəbbüslərinin reallaşdırılmasına maraq göstərir. Bu barədə maliyyə qurumunun Qafqaz üzrə yeni regional rəhbəri Tea Melikadze açıqlama verib.

Onun sözlərinə görə, bank Xəzər dənizindəki strateji mövqeyi və nəqliyyat qovşaqları sayəsində Mərkəzi Asiyanı Avropa bazarları ilə bağlayan bu yolda Azərbaycanın mərkəzi rol oynadığını nəzərə alır. Qurum növbəti mərhələdə daşımalardakı maneələri aradan qaldırmaq, səmərəliliyi artırmaq və rəqabət qabiliyyətini gücləndirmək məqsədilə investisiya layihələrini müəyyənləşdirməyi hədəfləyir. Konkret maliyyələşdirmə öhdəlikləri isə layihələrin hazırlıq səviyyəsindən asılı olacaq.

Regional rəhbər qeyd edib ki, AYİB Cənubi Qafqazda regional əlaqələri yaxşılaşdıra biləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsini də yeni istiqamət kimi nəzərdən keçirir. Bank yaxşı strukturlaşdırılmış layihələrin hazırlanmasına dəstək verməyə, tələblərə uyğun təşəbbüsləri maliyyələşdirməyə və özəl investisiyaların cəlb olunmasına kömək etməyə hazırdır.

Melikadzenin bildirdiyinə görə, avqustun 31-nə olan məlumata əsasən, AYİB-in Azərbaycandakı portfeli təxminən 879 milyon avro təşkil edib və 35 aktiv layihəni əhatə edib. İnfrastruktur sahəsində maliyyələşdirmənin artırılması isə əvvəlcədən müəyyən edilmiş hədəfdən deyil, iqtisadi cəhətdən əsaslandırılmış layihələrin mövcudluğundan asılı olacaq. Bank dayanıqlı nəqliyyat, su təchizatı, kanalizasiya, yaşıl iqtisadiyyata keçid və regional bağlantıların gücləndirilməsi sahələrində imkanlar görür.

O əlavə edib ki, Bakının içməli su ilə kompleks təminatı layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması davam edir. Bu təşəbbüs Bakı və Abşeron yarımadasının su infrastrukturu problemlərini həll etməklə iqlim dəyişikliklərinə uyğunlaşdırılmış investisiya həllərini müəyyənləşdirməyi nəzərdə tutur.

Xəbər lenti

    Çox oxunanlar