
Lider.com.az istinadən bildirir ki, hər hansı bir bankın fəaliyyətini dayandırması və ya lisenziyasının geri alınması həmin maliyyə qurumundan kredit götürmüş şəxslərin borclarının avtomatik olaraq silindiyi mənasına gəlmir və borcalanın öhdəlikləri qüvvəsini saxlayır.
Bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, bankın bağlanması kredit sazişi üzrə öhdəliklərin ləğv edilməsi demək deyil.
Onun sözlərinə görə, əsas borc məbləği, hesablanmış faizlər və müqavilənin digər bütün şərtləri hüquqi qüvvəsini qoruyub saxlayır, yəni bankın bağlanması vətəndaşı ödəmələrdən azad etmir.
İqtisadçı əlavə edib ki, bankın ləğvi proseduru zamanı xüsusi ləğvedici təyin olunur və məsələn, Əmanətlərin Sığortalanması Fondu ləğvedici qismində çıxış edərək borcalanlardan vəsaitlərin yığılmasını həyata keçirir və bankın öhdəliklərinin icrasını təmin edir.
X.Kərimli həmçinin vurğulayıb ki, kredit götürən şəxsin vəfat etməsi də borcun dərhal silinməsi ilə nəticələnmir, çünki bu cür hallarda miras və vərəsəlik hüququnun qaydaları tətbiq olunur.
Mütəxəssisin fikrincə, mirası qəbul edib eyni zamanda onunla bağlı borc öhdəliklərindən boyun qaçırmaq qeyri-mümkündür və əgər vərəsə mirasdan tamamilə imtina edərsə, onda həmin mirasla əlaqədar borc öhdəliyini də qəbul etməmiş olur.
