
Lider.com.az istinadən bildirir ki, Türkiyənin kənd təsərrüfatı biotexnologiyası və genetika üzrə altı tanınmış mütəxəssisinin qatıldığı "Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı bitkiçilik və heyvandarlıq üçün müasir biotexnologiyalar" adlı beynəlxalq elmi konfrans "Gözel Seeds" ilə ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. İclasa gələnlər regionun ərzaq təhlükəsizliyinin qorunması, dəqiq seleksiya metodlarının təkmilləşdirilməsi və qlobal bazarlara çıxış sahəsində müasir genom texnologiyalarının təqdim etdiyi imkanları müzakirə ediblər.
Tədbirin rəsmi açılışı təşkilatın təsisçisi Tahir Gözel və ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsinin dekanı Matteo Vittuarinin çıxışları ilə start götürüb.
Qardaş ölkədən dəvət olunan professorlar A. Naci Onus, Anne Frary, Sami Doganlar, Levent Mercan, Musa Kavas, dosent İbrahim Çelik, eləcə də ADA Universitetinin müəllimi Mehrac Abbasov kənd təsərrüfatının tərəqqisində əsas rol oynayan yenilikçi texnologiyalara dair elmi məruzələrlə çıxış ediblər. Həmçinin professor Matteo Vittuari konfransa moderatorluq edib.
Təqdim olunan məruzələrdə yüksək məhsuldarlıqlı genetik sekvensləmə, bioinformatika, CRISPR-Cas9 gen redaktə üsulları, həmçinin bu metodların əlverişsiz iqlim şəraitinə və yeni yaranan xəstəliklərə qarşı dözümlü bitki sortlarının yetişdirilməsini tezləşdirmək gücünə malik olduğu diqqətə çatdırılıb.
Elmi panellərdən əvvəl və sonra danışan Tahir Gözel bölgənin aqrar sektorunun qarşılaşdığı strateji və kommersiya çətinliklərinə toxunub. O qeyd edib ki, qlobal toxum istehsalçıları daha çox yüksək texnologiyalı və avtomatlaşdırılmış istixanalar üçün məhsuldar sortlar hazırlasa da, yerli fermerlərin böyük qismi orta və aşağı texnoloji səviyyəyə malik təsərrüfatlarda çalışır, bu da yerli şəraitə uyğunlaşan dayanıqlı toxum sortlarına tələbatı artırır.
Yaranan ehtiyacların ödənilməsi istiqamətində "Gözel Seeds" tərəfindən Türkiyədə icra olunan investisiyalardan bəhs edən Tahir Gözel "double haploid" (DH) texnologiyasına əsaslanan laboratoriyanın və müasir molekulyar marker laboratoriyasının qurulduğunu xüsusi qeyd edib. O, həmçinin mürəkkəb genom göstəricilərinin təhlilində süni intellekt və maşın öyrənməsi üsullarının əhəmiyyətinin artdığını bildirib. Biotexnoloji nailiyyətlərin heyvandarlıq sektorunu da əhatə etməsinin vacibliyini vurğulayan natiq yerli şəraitə uyğun südlük mal-qara cinslərinin yetişdirilməsinin önəmini diqqətə çatdırıb.
Əldə olunan elmi və texnoloji uğurları ölkənin gələcək inkişafı ilə əlaqələndirən T.Gözel kənd təsərrüfatında özünütəminat səviyyəsinin artırılmasının dövlət suverenliyi baxımından strateji əhəmiyyət daşıdığını bildirərək vurğulayıb:
"Elmi kəşflərin yeni üfüqlərini araşdırmaq müasir sahibkarların ən böyük məsuliyyətidir".
Tədbirin sonunda ADA Universitetinin təmsilçiləri, Türkiyədən gələn tədqiqatçılar və "Gözel Seeds" rəsmiləri arasında Bakıda 10-14 günlük ortaq yay məktəbinin təşkil olunması imkanları nəzərdən keçirilib. Qabaqcıl alimlərlə tərəfdaşlıq çərçivəsində reallaşdırılması planlaşdırılan bu layihə tələbələrin müasir tədqiqat texnologiyaları ilə yaxından tanış olmasına, ixtisas biliklərini artırmasına və beynəlxalq akademik mühitin təcrübəsindən yararlanmasına imkan yaradacaq.
Xatırladaq ki, beynəlxalq səviyyədə bitki seleksiyası və toxumçuluq sahəsində fəaliyyət göstərən "Gözel Seeds" araşdırmalarında molekulyar marker texnologiyaları, genetik analizlər və "double haploid" (DH) kimi qabaqcıl üsullardan istifadə edir. Şirkət malik olduğu təcrübə və biliklərə əsaslanaraq, müasir seleksiya metodlarının tətbiqini, eləcə də ixtisaslaşmış bilik mübadiləsini dəstəkləməklə ölkənin elmi və aqrar sahələrinin inkişafına dəstək verməyi qarşısına məqsəd qoyub.
