
Lider.com.az istinadən bildirir ki, elektrik enerjisindən istifadənin artmasına, eyni zamanda bir sıra iri enerji resursları idxalçısı regionlarda neft, qaz və kömürə tələbatın zəifləməsinə baxmayaraq, qlobal miqyasda fosil yanacaq istehlakı 2035-ci ilədək yüksəlməkdə davam edəcək.
Bu barədə "Fitch Solutions" şirkətinin bölməsi olan BMI-nin BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) ərəfəsində hazırladığı analitik icmalda məlumat verilib.
BMI-nin proqnozlarına görə, 2035-ci ildə dünyada fosil yanacaq istehlakı 586,1 eksacoula (EJ) çatacaq və bu, 2026-cı ilin göstəricisindən 3,8 faiz çoxdur. Bununla yanaşı, qalıq yanacaqların qlobal ilkin enerji istehlakındakı payı 2026-cı ildəki 86,7 faizdən 2035-ci ildə 82,7 faizə enəcək.
Qərbi Avropa, Çin və Yaponiyada fosil yanacaq istehlakının azalması inkişaf etməkdə olan bazarlarda və enerji resursları ixrac edən ölkələrdə qeydə alınan artımı kompensasiya etməyəcək.
2035-ci ilədək Qərbi Avropa, Çin və Yaponiyada fosil yanacaqların ümumi istehlakı 2026-cı illə müqayisədə 21,3 eksacoul azalacaq. Eyni zamanda, Yaxın Şərq və Şimali Afrika (MENA), Hindistan, İndoneziya, Latın Amerikası və Saxaradan cənubda yerləşən Afrika ölkələrində bu göstərici 35,1 eksacoul artacaq.
Hörmüz boğazı ətrafında yaranmış böhran və bunun ardınca İranla baş verən münaqişələr fonunda enerji təhlükəsizliyi COP31-ə hazırlıq prosesinin əsas mövzularından birinə çevrilib. Xüsusilə, enerji resurslarının idxalından asılı olan ölkələr xarici yanacaq tədarükündən asılılığı azaltmaq yollarından biri kimi elektrikləşməyə nəzər salırlar.
COP31-ə sədrlik edən tərəf 2035-ci ilədək elektrik enerjisinin yekun enerji istehlakında payını 35 faizə çatdırmaq məqsədini könüllü hədəf kimi irəli sürüb. "2035-ci ilədək 35 faiz" (35-by-35 Global Electrification Pledge) adlanan müvafiq təşəbbüs sentyabrın 21-də Nyu-Yorkda təqdim olunub.
Lakin BMI-nin proqnozuna əsasən, 2035-ci ilədək dünyada elektrikləşmə səviyyəsi cəmi 27,9 faiz təşkil edəcək. Bu hədəfə yalnız Asiya-Sakit okean regionu və Qərbi Avropa yaxınlaşa biləcək.
Şirkət qeyd edir ki, ölkələrin milli iqlim planları hələ də Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tələb olunan səviyyəyə uyğun gəlmir və təqdim edilmiş öhdəliklər zəruri göstəricilərdən xeyli geri qalır.
BMI enerji sektorundan qaynaqlanan qlobal emissiyaların 2032-ci ilədək artmaqda davam edəcəyini proqnozlaşdırır. Hindistan, İndoneziya və Fars körfəzi ölkələrində emissiyaların artmasının Avropa və Çindəki azalmanı kompensasiya edəcəyi gözlənilir.
İcmalda, həmçinin qeyd olunur ki, COP31 2026-cı il noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək. 2025-ci ilin noyabrında Belendə keçirilmiş COP30 çərçivəsində əldə olunan razılaşmaya əsasən, Türkiyə konfransa ev sahibliyi edəcək və fəaliyyət gündəliyinə rəhbərlik edəcək, Avstraliya isə danışıqlar prosesinə başçılıq edəcək.
BMI qarşıdakı danışıqların əsas mövzuları sırasında Belendə razılaşdırılmış ədalətli keçid mexanizmini, iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini, eləcə də milli öhdəliklərlə Paris Sazişinin məqsədləri arasındakı fərqin aradan qaldırılmasını qeyd edir.
ABŞ-nin Paris Sazişindən çıxması yeni məcburi beynəlxalq iqlim öhdəliklərinin qəbul edilməsi ehtimalını azaldır. Buna görə də COP31-də əsas diqqətin könüllü təşəbbüslərə yönəldiləcəyi ehtimal olunur.
2026-cı ilin əvvəlindən etibarən "Brent" markalı xam neftin orta qiyməti bir barel üçün təxminən 95 dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu göstərici 69 dollar olub.
