15:32

Azərbaycan Dəmir Yolları rəhbərliyi yükdaşıyan şirkətlərlə bir araya gəlib

Azərbaycan Dəmir Yolları rəhbərliyi yükdaşıyan şirkətlərlə bir araya gəlib

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Dəmir Yollarının rəhbər şəxsləri ölkənin yükdaşıma bazarında əhəmiyyətli paya sahib olan və qurumla sıx əməkdaşlıq edən tərəfdaş şirkətlərin nümayəndələri ilə bir araya gəliblər.

Tədbirin əsas məqsədi Azərbaycan Dəmir Yollarının bu sahədə gördüyü işlər və qazandığı nəticələr barədə işgüzar tərəfdaşları məlumatlandırmaq, onların təkliflərini dinləmək, ortaq yanaşmaları müəyyənləşdirmək və gələcək perspektivləri müzakirə etməkdən ibarət olub.

Qurumun sədri yükgöndərənlərin ölkə iqtisadiyyatının, eləcə də nəqliyyat-logistika sektorunun inkişafındakı xidmətlərini yüksək dəyərləndirib, müştəriyönümlülük, açıqlıq və şəffaflığın əsas prinsiplər kimi qəbul olunduğunu vurğulayıb.

Əvvəllər yük sahibləri ilə fərdi qaydada görüşlərin təşkil olunduğunu xatırladan rəhbərlik əsas yükgöndərənlərlə ilk dəfə bu formatda bir araya gəlməyin Azərbaycan Dəmir Yollarının müştərilərə qarşı açıq və əlçatan olmasının, həmçinin qarşılıqlı etimada dayanan əməkdaşlığa verilən önəmin təsdiqi olduğunu bildirib.

Toplantıda iştirakçılara infrastrukturun modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələr və islahatlar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Sumqayıt–Yalama dəmir yolu xəttinin bərpası başa çatdırılıb, növbəti mərhələdə isə həmin xəttin dəyişən cərəyana keçirilməsi istiqamətində tədbirlərə start veriləcək.

Eyni zamanda, Astara Terminalında tikinti işlərinin yekunlaşdığı, Bakı–Böyük Kəsik istiqamətində enerji təchizatı, rabitə və işarəvermə sistemlərinin yenilənməsinin, eləcə də Ələt–Osmanlı–Astara xəttinin əsaslı təmirinin davam etdiyi diqqətə çatdırılıb.

Osmanlı–Astara sahəsində qatarların hərəkət sürətinin artırıldığı və bunun daha böyük həcmdə yüklərin daşınmasına şərait yaratdığı qeyd olunub.

Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yenidənqurmadan sonra buraxılış imkanlarının illik 1 milyon tondan 5 milyon tona yüksəldiyi vurğulanıb.

Hərəkət tərkibinin yenilənməsi, lokomotiv və vaqon parkının zənginləşdirilməsi istiqamətində atılan addımlar da diqqət mərkəzində olub.

Məlumat verilib ki, cari ildə 300 yeni yük vaqonu əldə edilib, sentyabr ayında isə Çindən 7 ədəd müasir AC50 markalı magistral yük lokomotivi ölkəyə gətirilib.

Bundan əlavə, daha 14 lokomotivin satın alınması üçün danışıqlar aparılır və gələn il əlavə 250 vaqonun alınması məqsədilə işlər davam etdirilir.

Tədbirdə yükdaşıma sektorunda icra olunan institusional və rəqəmsal transformasiyalara xüsusi yer ayrılıb.

“ADY Express” konsepsiyası çərçivəsində dəmir yolu, liman və dəniz nəqliyyatı xidmətlərinin vahid pəncərə prinsipi ilə təqdim edilməsinin planlaşdırıldığı bildirilib.

“Bir müqavilə, bir menecer və bir hesab” mexanizminin müştərilərə xidmətlərdən daha rahat və operativ yararlanmaq, eləcə də daşınma proseslərini mərkəzləşdirilmiş şəkildə əlaqələndirmək imkanı verəcəyi diqqətə çatdırılıb.

Yükdaşımaların rəqəmsallaşdırılması, elektron qaimələrin tətbiqi, daşımaların izlənilməsi və tariflərin avtomatik hesablanması sahəsində görülən işlər barədə də danışılıb.

Qeyd edilib ki, müştəri əlçatanlığını artırmaq məqsədilə istifadəyə verilən portal.ady.az platforması vasitəsilə hazırda 11 elektron xidmət göstərilir və növbəti mərhələdə müştəri kabinetinin funksionallığı artırılacaq.

Bununla yanaşı, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzrə konteyner daşımalarını real vaxt rejimində izləmək üçün “Cargo tracking” platformasının istifadəyə verildiyi, bu yeni rəqəmsal xidmətin daşıyıcılara konteynerlərin cari vəziyyəti haqqında operativ məlumat əldə etməyə şərait yaratdığı qeyd olunub.

Görüşdə tarif siyasəti, güzəşt mexanizmləri və iqtisadi səmərəliliyin artırılması məsələləri də müzakirə edilib.

Bildirilib ki, tarif güzəştləri tətbiq olunarkən yük həcmlərinin artımı, zəmanətli həcm, yeni yük axınlarının cəlb edilməsi və alternativ marşrutların rəqabətədavamlılığı kimi iqtisadi meyarlar nəzərə alınır.

İnteraktiv müzakirə formatında keçən hissədə yükgöndərənlərin qaldırdığı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb və vaqon təminatı, çatdırılma müddətləri, stansiya əməliyyatları, tariflər ilə bağlı suallar cavablandırılıb.

Sonda tərəfdaşlarla birbaşa və açıq dialoqun prioritet olduğu vurğulanıb, bu cür müzakirələrin müntəzəm xarakter daşıyacağı və digər yükgöndərənlərlə də görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Xəbər lenti

    Çox oxunanlar