
Lider.com.az istinadən bildirir ki, cari ilin oktyabr ayının 1-ə olan göstəricilərə görə, ölkəmizin xalis maliyyə aktivlərinin həcmi 109 milyard 880,7 milyon manata bərabər olub.
Bu rəqəm Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılan 2027-ci ilin dövlət büdcəsi zərfində yer alıb.
Təqdim olunan sənəddə göstərilib ki, göstərilən aktivlərin qiymətləndirilməsində əsas götürülən Dövlət Neft Fondunun pul vəsaitlərinin qalığı 125 milyard 864,8 milyon manat, vahid xəzinə hesabının qalığı 7 milyard 670,4 milyon manat, həmin hesab üzrə idarəetməyə yönəldilmiş vəsaitlər isə 224 milyon manat təşkil edib.
Dövlət qurumlarının büdcə qarşısındakı borc öhdəliklərinin cari ilə aid edilən hissəsi 17,8 milyon manat səviyyəsində qeydə alınıb və nəticədə bu vəsaitlərin cəmi 133 milyard 777 milyon manat olub.
Göstərilən ümumi məbləğdən daxili, eləcə də xarici dövlət borcunun cəmi 23 milyard 896,3 milyon manat çıxıldıqdan sonra alınan fərq xalis maliyyə aktivlərini formalaşdırıb.
