13:05

Azərbaycanda vergi rezidenti statusunun verilməsi qaydaları dəyişdirilir

Azərbaycanda vergi rezidenti statusunun verilməsi qaydaları dəyişdirilir

Lider.com.az istinadən bildirir ki, ardıcıl iki il ərzində ümumilikdə 270 gündən, həmçinin hər il üzrə 90 gündən artıq ölkə ərazisində qalan fiziki şəxslərin vergi rezidenti kimi tanınması təklif olunur.

Sözügedən yenilik Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklər layihəsində yer alıb və bu sənəd 2027-ci ilin büdcə zərfinə daxil edilib.

Hazırkı qanunvericiliyə əsasən, bir şəxsin vergi rezidenti sayılması üçün əsas meyar təqvim ilində 182 gündən çox Azərbaycan sərhədləri daxilində faktiki olaraq yaşamasıdır.

Lakin tək başına 182 günlük fiziki iştirak meyarı hər zaman vətəndaşın ölkəmizlə möhkəm və mühüm faktiki əlaqələrini tam əhatə etməyə imkan yaratmır.

Təqdim edilən layihəyə əsasən, beynəlxalq, o cümlədən Avropa dövlətlərinin təcrübəsi sübut edir ki, vergi rezidentliyinin təyini yalnız bir təqvim ilindəki 183 günlük hədd ilə məhdudlaşmır, bəzi ölkələrdə bir neçə ili əhatə edən məcmu müddət, əvvəlki illərdə ölkədə olma vaxtı, daimi yaşayış yeri və həyati maraqların mərkəzi kimi digər amillər də nəzərə alınır.

İki il ərzində ümumi 270 günlük hədd şəxsin ölkədə əhəmiyyətli zaman kəsiyində fiziki mövcudluğunu, hər ildə ən azı 90 günlük tələb isə bu iştirakın təsadüfi olmayıb ardıcıl illər boyu davamlı xarakter daşıdığını göstərir.

Başqa sözlə desək, minimum 90 günlük şərt bu qaydanın Azərbaycanda epizodik və ya birdəfəlik uzunmüddətli qalanlara deyil, məhz ölkə ilə ardıcıl dövrlərdə sabit fiziki bağlılığı olan şəxslərə şamil olunmasını təmin edəcək.

Məlumatda qeyd edilib ki, təklif olunan yeni mexanizmin əsas üstünlüklərindən biri onun obyektiv, asan ölçülə bilən və sadə inzibatçılığa malik olmasıdır.

Belə ki, həyati maraqların mərkəzi, iqtisadi və şəxsi əlaqələr kimi meyarlar ayrı-ayrı hallarda əmlak və məşğulluq münasibətlərinin dərindən araşdırılmasını tələb etdiyi halda, fiziki iştirak müddəti birbaşa sərhədkeçmə məlumatları vasitəsilə rahatlıqla müəyyənləşdirilir.

Eyni zamanda, layihədə vurğulanıb ki, bu dəyişiklik şəxsin ölkədə qalma müddətini qəsdən ardıcıl illər üzrə 182 günlük həddən aşağı saxlamaqla, faktiki olaraq Azərbaycanla sıx bağları olduğu halda rezidentlik statusundan yayınmasının qarşısını alacaq.

Vergi rezidentliyi fiziki şəxslərin vergi öhdəliklərinin və vergitutma hüququnun əhatə dairəsininqiymətləndirilməsində mühüm rol oynadığı üçün, bu cür halların dəqiq tənzimlənməsi vergitutma bazasının qorunmasına xidmət edəcək.

Xəbər lenti

    Çox oxunanlar