
Lider.com.az istinadən bildirir ki, oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizin mədəniyyət naziri Adil Kərimli Ruandanın gənclər və incəsənət naziri Utumatvişima Jan Nepo Abdallah ilə görüşüb.
Nazir həmkarını salamlayaraq, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Ruanda nümayəndə heyətinin yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlığını ifadə edib.
Adil Kərimli Heydər Əliyev Fondunun Ruandada sosial infrastrukturun, həmçinin təhsil və mədəniyyət sahələrinin bərpasına dəstək verdiyini qeyd edərək, dövlətlərimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin mövcudluğunu diqqətə çatdırıb.
Ruandalı nazir Azərbaycana səfər dəvətinə görə minnətdarlığını bildirib və beynəlxalq miqyaslı tədbirin son dərəcə aktual mövzuya həsr olunduğunu qeyd edib.
Tərəflər söhbət zamanı qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
