18:30

Azərbaycanlı pianoçu Adilə Əliyeva Parisdə platin medalla təltif edilib

Azərbaycanlı pianoçu Adilə Əliyeva Parisdə platin medalla təltif edilib

Lider.com.az istinadən bildirir ki, tanınmış azərbaycanlı pianoçu, Əməkdar artist Adilə Əliyeva Fransanın İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin platin medalı və diplomuna layiq görülüb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, həmyerlimiz bu ali mükafata Akademik Cəmiyyətin Ali Mükafatlar Komissiyasının qərarı ilə layiq bilinib. Qurumun 2026-cı il laureatlarının təltifolunma mərasimi Parisdəki "InterContinental Paris Le Grand" otelinin "Opera" zalında baş tutub.

1915-ci il noyabrın 12-də yaradılan İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyəti mədəniyyət, incəsənət, elm və ədəbiyyat sahələrində mühüm nailiyyətlər qazanan şəxslərin fəaliyyətini qiymətləndirməyi və təşviq etməyi qarşıya məqsəd qoyur. Adilə Əliyevanın bu beynəlxalq mükafata layiq görülməsi onun uzunmüddətli musiqi yaradıcılığının, xaricdə Azərbaycan mədəniyyətinin tanıdılmasının və ölkənin beynəlxalq mədəni əlaqələrinin inkişafına verilən töhfələrin növbəti təzahürüdür.

Qeyd edək ki, Bakıda doğulan Adilə Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illərdir Fransada məskunlaşan sənətkar dünyanın ellipsdən çox ölkəsində konsertlərlə çıxış edib. Azərbaycan bəstəkarlarının əsərlərini beynəlxalq miqyasda təbliğ edən pianoçu milli musiqi mədəniyyətimizin tanıdılmasında mühüm rol oynayıb. O, 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasına rəhbərlik edir və eyni zamanda öz adına beynəlxalq piano müsabiqəsinin təsisçisidir.

Xatırladaq ki, Adilə Əliyeva 2022-ci ildə Azərbaycanın "Dostluq" ordeni, həmçinin Fransanın ali dövlət təltiflərindən olan "Fəxri Legion" ordeni ilə təltif olunub. Sənətkar həmçinin "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına və diaspor hərəkatının inkişafındakı xidmətlərinə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalına layiq görülüb.

Xəbər lenti

    Çox oxunanlar