00:16

Birinci vitse-prezident Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasına baxıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasına baxıb

Lider.com.az istinadən bildirir ki, noyabrın 1-də Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Zikra: xatirələr gecəsi” səhnə əsəri nümayiş etdirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri də həmin tamaşanı izləyənlər arasında olublar.

Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir incəsənəti təbliğ edən “Wadi AlFann” mədəniyyət məkanının sifarişi ilə ərsəyə gələn bu layihə çoxsaylı mükafatlar qazanmış rejissor və xoreoqraf Əkrəm Xanın son işidir.

Müasir rəqs elementlərini və klassik hind rəqsinin üslubunu birləşdirən Əkrəm Xan bu səhnə işində vizual rejissor Mənal Əl-Dovayan ilə birgə çalışıb.

Süjetə əsasən, qadınlar bir gecəlik toplaşaraq keçmişdə yaşamış insan ruhlarını oyatmağa cəhd göstərirlər; onlar müqəddəs mərasimlər və ümumi xatirələr vasitəsilə zaman sərhədlərini aradan qaldıraraq dünənlə bugünü qovuşdurur və mənəvi baxımdan yenilənirlər.

Səhnə əsərinin orijinal musiqisinin müəllifi hind əsilli amerikalı bəstəkar və müğənni Aditya Prakaşdır.

Tamaşanın vizual tərtibatı 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanını təmsil edən irimiqyaslı multimedia instalyasiyası ilə tanınan “Wadi AlFann” rəssamı Mənal Əl-Dovayan tərəfindən qurulub.

O, “Zikra” layihəsində ənənəvi sənət nümunələrini müasir üslubla uzlaşdırıb, təbii boyalarla səhranın rəng çalarlarını canlandırıb, Əl-Ula irsinə xas həndəsi naxışlar vasitəsilə isə hər bir obrazın simvolik anlamını önə çəkib.

Qeyd edək ki, Əl-Ulanın qədim mifologiyasından və təbiət mənzərələrindən ilhamlanaraq yaradılan bu əsərin məxsusi dünya premyerası 2025-ci ilin yanvar ayında baş tutub.

Xəbər lenti

    Çox oxunanlar