
Lider.com.az istinadən bildirir ki, noyabrın 3-də Nizami Kino Mərkəzində SOCAR ilə “AnewZ” telekanalının ortaq ərsəyə gətirdiyi “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” adlı sənədli ekran əsərinin nümayişi baş tutub.
Tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, hökumət və dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri və ictimai xadimlər qatılıblar.
Əvvəlcə Leyla Əliyeva ekran işinin yaradıcı kollektivi ilə bir araya gələrək xatirə şəkilləri çəkdirib.
Təqdimatda çıxış edən “AnewZ” telekanalının baş direktoru Rüfət Həmzəyev bildirib ki, layihənin təməlində SOCAR-ın muzeyində qorunub saxlanılan ötən əsrin əvvəllərinə aid 103 tarixi açıqca dayanır. Onun sözlərinə görə, filmdə təxminən yüz il əvvəl Bakıda hökm sürən neft bumu, şəhərin qlobal miqyasda insanları cəlb etməsi və neft sənayesinin tərəqqisi fonunda baş verən dərin transformasiyalar əksini tapıb.
Dövlət başçısı İlham Əliyev tərəfindən cari ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyini xatırladan Rüfət Həmzəyev qeyd edib ki, ekran əsəri həmin 103 qədim açıqca və 9 fərqli insan taleyi vasitəsilə neftin paytaxtın memarlıq simasına, mədəniyyətinə təsirini, həmçinin şəhərin salnaməsində iz qoymuş şəxsiyyətlərin həyatını tamaşaçılara çatdırır.
Daha sonra sözügedən sənədli film nümayiş olunub.
Qeyd edək ki, bir əsr əvvəlki sürətli dəyişikliklər, neft qüllələri, küçələr, liman ərazisi və sakinlərin şəxsi həyatları ekran əsərinin əsas süjet xəttini təşkil edir. Yarım ilə yaxın davam edən çəkilişlər zamanı tarixi açıqcaların canlandırılması, arxiv şəkillərinə hərəkətlilik verilməsi, o dövrün vizual mühitinin bərpası və musiqi tərtibatının müəyyən hissəsi süni intellekt texnologiyalarından istifadə edilməklə icra olunub.
Bundan əlavə, layihədə Bakının memarlıq irsinin formalaşmasında böyük xidmətləri olmuş İosif Qoslavskinin nəslinin davamçısı İrina Trofimova-Xomitskaya ilə eksklüziv müsahibə də yer alıb.
