21:57

Neftçalada Kənd Təsərrüfatı İşçiləri Günü təntənəli şəkildə qeyd olunub

Neftçalada Kənd Təsərrüfatı İşçiləri Günü təntənəli şəkildə qeyd olunub

Lider.com.az istinadən bildirir ki, ölkəmizdə hər il noyabrın 1-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı əsasında Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir və bu əlamətdar gün Neftçala rayonunda da yüksək səviyyədə təşkil olunub.

Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, qurumun məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzinin, həmçinin Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərlikləri və əməkdaşları, eləcə də fermerlər və könüllülər qatılıblar.

İştirakçılar əvvəlcə Neftçala şəhərində ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Daha sonra dahi şəxsiyyətin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin digər sahələrində olduğu kimi, aqrar sektorda da mühüm diqqət və qayğı mühiti yaradılıb, bu sahənin zəhmətkeşlərinin əməyi həmişə yüksək qiymətləndirilib.

O qeyd edib ki, Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də kənd təsərrüfatı işçilərinin əməyini hər zaman uca tutub, onlarla mütəmadi görüşüb və qaldırılan məsələlərə həssas yanaşıb.

Rayon rəhbərinin sözlərinə görə, dövlət başçısının aqrar sahəyə yönəlmiş diqqəti sayəsində Neftçala respublikanın qabaqcıl kənd təsərrüfatı potensialına sahib bölgələrindən birinə çevrilib.

Tədbirdə bildirilib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması və fermerlərin dövlət tərəfindən hərtərəfli dəstəklənməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Aqrar sektorun daha sürətli inkişafı üçün müasir idarəetmə üsullarının genişləndirilməsi, süni intellekt imkanlarının və innovativ alətlərin araşdırılması, su ehtiyatlarından səmərəli istifadə olunması vacibdir, həmçinin qeyd olunan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında icrası təmin edilməlidir.

Rayon rəhbəri Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə zəhmətkeşləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən Neftçala DAİM-in direktoru Miradil Əhmədli, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Təbriz Eyyubov və başqaları Ümummilli Liderin irsi sayəsində keçmişdə və müstəqillik illərində kənd təsərrüfatında dayanıqlı baza yaradıldığını qeyd ediblər.

Natiqlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində aqrar sahənin dinamik inkişafını qoruyub saxladığını vurğulayıblar.

Sonda kənd təsərrüfatı sahəsində fərqlənən bir qrup qabaqcıl işçi fəxri fərmanlarla təltif olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi və ictimaiyyəti adından kənd təsərrüfatı işçiləri təbrik edilib və onlara işlərində uğurlar arzulanıb.

Xəbər lenti

    Çox oxunanlar