20:38

Kamran Əliyev BMT rəsmisi ilə terrorizmə qarşı mübarizəni müzakirə edib

Kamran Əliyev BMT rəsmisi ilə terrorizmə qarşı mübarizəni müzakirə edib

Lider.com.az istinadən bildirir ki, oktyabrın 27-də Bakıda təşkil olunan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə qurumlarının rəhbərlərinin üçüncü yüksək səviyyəli toplantısı çərçivəsində Azərbaycanın baş prokuroru Kamran Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini səlahiyyətlərini icra edən Aleksandr Zuyev ilə görüş keçirib.

Baş prokuror qonağı qəbul edərək, ölkəmiz ilə BMT arasında qurulan faydalı tərəfdaşlıq əlaqələrini önə çəkib, eləcə də Baş Prokurorluq ilə BMT-nin aidiyyəti strukturları arasındakı əməkdaşlığın irəliyə aparılmasının vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi arasında tərəfdaşlığın indiki səviyyəsi və inkişaf istiqamətləri, terrorizmə qarşı mübarizə istiqamətində qlobal səylərin əlaqələndirilməsi, hüquq-mühafizə sistemlərinin institusional imkanlarının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələnərinə baxılıb.

Keçmiş təmaslara da toxunularaq, 2024-cü ilin noyabr ayında COP29 çərçivəsində Baş Prokurorluq, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin ortaq təşkilatçılığı ilə hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədəki missiyasına həsr olunan yüksək səviyyəli tədbirin əhəmiyyəti xatırlanıb, həmçinin əvvəlki illərdə baş tutan ikitərəfli görüşlər yada salınaraq mövcud əlaqələrin yeni praktiki addımlar vasitəsilə daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.

Baş prokuror Azərbaycan prokurorluq qurumlarının BMT-nin müvafiq təşkilatları ilə əlaqələri genişləndirməyə, qabaqcıl beynəlxalq təcrübəni mənimsəməyə və ortaq praktiki təşəbbüsləri gerçəkləşdirməyə tam hazır olduğunu söyləyib.

Aleksandr Zuyev isti qəbula görə minnətdarlığını ifadə edərək, Azərbaycan ilə BMT qurumları arasındakı əməkdaşlığın dərinləşdirilməsinin, hüquq-mühafizə orqanlarının potensialının yüksəldilməsinin və beynəlxalq səviyyədə təcrübə mübadiləsinin rolunu xüsusi vurğulayıb.

Görüşün sonunda tərəflər terrorçuluğa qarşı mübarizə müstəvisində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və BMT-nin aidiyyəti qurumları ilə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi işində birgə səyləri davam etdirməkdə maraqlı olduqlarını bildiriblər.

Xəbər lenti

    Çox oxunanlar