14:53

Ramiz Mehdiyevin sahib olduğu dövlət ordenləri açıqlanıb

Ramiz Mehdiyevin sahib olduğu dövlət ordenləri açıqlanıb

Lider.com.az istinadən bildirir ki, Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib, lakin onun yaşı və səhhət durumu nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəza şərti tətbiq olunub.

Məhkəmə hökmündə onun dövlət təltiflərindən məhrum edilməsi məsələsinin baxılması məqsədilə müvafiq təqdimatın göndərilməsi də nəzərdə tutulub.

Aparılan araşdırmalara əsasən, Ramiz Mehdiyev ötən dövr ərzində Azərbaycanın dörd mühüm dövlət təltifi – "Heydər Əliyev", "İstiqlal", "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilib.

O, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin inkişafı sahəsindəki xüsusi xidmətlərinə görə 2008-ci ildə "İstiqlal" ordeninə layiq görülüb, 2013-cü ildə isə Azərbaycan dövləti və xalqı qarşısında mühüm xidmətləri olan şəxslərə verilən "Şərəf" ordeni ilə təltif olunub.

Bundan əlavə, sabiq məmur 2018-ci il aprelin 16-da ölkədə dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyəti və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordenini alıb, 2019-cu il oktyabrın 23-də isə dövlət idarəçiliyi və elmin inkişafı sahəsində uzunmüddətli xüsusi xidmətlərinə görə respublikanın ən ali mükafatlarından olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Sabiq məmurun təltifləri yalnız yerli mükafatlarla məhdudlaşmır, çünki onun bioqrafiyasında SSRİ dövrünə aid "Qırmızı Əmək Bayrağı", həmçinin Rusiya Federasiyasının "Dostluq" və "Şərəf" ordenləri də mövcuddur.

Bununla belə, Azərbaycan məhkəməsinin dövlət təltiflərindən məhrumetmə barədə qərarı xarici ölkələrin təqdim etdiyi ordenlərin avtomatik ləğv edilməsi demək deyil və həmin təltiflərlə bağlı məsələlər onları verən dövlətlərin qanunvericiliyi əsasında tənzimlənir.

Eyni zamanda, elmi fəaliyyətinə görə müxtəlif medal və mükafatlar alan Ramiz Mehdiyev 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə də təltif edilib.

Xəbər lenti

    Çox oxunanlar