20:15

Sahibə Qafarova İƏT baş katibi ilə tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsini müzakirə edib

Sahibə Qafarova İƏT baş katibi ilə tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsini müzakirə edib

Lider.com.az istinadən bildirir ki, Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə oktyabrın 28-də görüş keçirib.

Parlamentin spikeri İsmayıl Ould Şeyx Əhmədi qurumun baş katibi seçilməsi münasibətilə təbrik edərək ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb və Azərbaycanın qonağın yeni postunda ilk səfər etdiyi dövlətlərdən biri olmasının ölkəmizlə İƏT arasındakı möhkəm bağlardan xəbər verdiyini qeyd edib. O, bu səfərin ikitərəfli əməkdaşlığın güclənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Sədr baş katibin Prezident İlham Əliyevlə apardığı müzakirələrin, eləcə də onun Bakıdakı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və İƏT-ə üzv ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin üçüncü yüksək səviyyəli toplantısında iştirakının vacibliyini diqqətə çatdırıb.

Sahibə Qafarova Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədinin dialoqu, qarşılıqlı etimadı və anlaşmanı təbliğ etmək, müxtəlif mədəniyyətlər və dinlər arasında körpülər yaratmaq, başqalarının dəyərlərinə hörmətlə yanaşmaq olduğunu vurğulayaraq, bu tədbirin Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən qlobal səviyyədə əsas platformalardan birinə çevrildiyini bildirib.

Müzakirələr zamanı Azərbaycanın İƏT-in fəaliyyətindəki mühüm rolundan bəhs olunub, həmçinin təşkilatın ölkəmizin ərazilərinin işğalı dövründə və postmünaqişə mərhələsində göstərdiyi davamlı dəstək, eləcə də qəbul edilən qətnamələr xüsusi vurğulanıb.

Milli Məclisin sədri qonağa parlamentin tarixi, müasir strukturu və beynəlxalq müstəvidəki fəaliyyəti barədə məlumat verərək qanunverici orqanın bir çox beynəlxalq parlament qurumunun işində yaxından iştirak etdiyini və hazırda üç təşkilata sədrlik etdiyini söyləyib.

Görüşdə spiker sədrlik etdiyi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqının cari ilin iyununda Bakıda baş tutmuş 20-ci sessiyasının əhəmiyyətindən danışıb və İƏTPİ ilə İƏT arasındakı əməkdaşlıq perspektivləri üzrə fikirlərini bölüşüb.

İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verilən dəstəyə və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

Baş katib Prezident İlham Əliyevlə görüşünü, dövlət başçısının Forumdakı nitqini və ölkəmizdəki inkişaf proseslərini yüksək qiymətləndirərək Azərbaycanın sülh və sabitliyin qorunması sahəsində bütün dünyaya nümunə olduğunu dilə gətirib. O, Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına evsahibliyi edəcəyini və İƏT-ə sədrliyini xüsusi vurğulayaraq ölkəmizin rəhbərliyi ilə təşkilatın daha da güclənəcəyinə inandığını bildirib.

Parlament diplomatiyasının əhəmiyyətini qeyd edən qonaq İƏT-in Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman müdafiə etdiyini xatırladıb, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb və işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərini yüksək qiymətləndirib.

Tərəflər görüş zamanı İslam həmrəyliyinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, Azərbaycanla İƏT arasında tərəfdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

    Çox oxunanlar