21:54

Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib

Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib

Lider.com.az istinadən bildirir ki, Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının sayca 47-ci toplantısı baş tutub.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə reallaşıb.

Görüşdə cari rəqabət siyasəti mövzuları müzakirədən keçirilib, eləcə də növbəti gün keçiriləcək MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrө Dövlətlərarası Şurasının 61-ci iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın aidiyyəti qurumlarının rəsmiləri, eləcə də MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının, Regional Rabitə Birliyinin və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri qatılıblar.

Rusiya Federal Antiinhisar Xidmətinin rəhbər müavini və dövlət katibi Sergey Puzırevskinin sədrliyi ilə keçən tədbirdə Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev və MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin Ticarət və maliyyə siyasəti şöbəsinin rəis müavini Oleq Smirnov açılış nitqi söyləyiblər.

Müzakirələr zamanı rəqəmsal texnologiyaların rəqabət mühitinə göstərdiyi təsirlər, maliyyə, səhiyyə, peyk rabitəsi və birja ticarəti kimi əsas sahələrdə antiinhisar nəzarətinin artırılması, eləcə də birgə araşdırmaların aparılması diqqət mərkəzində olub.

Bununla yanaşı, Qərargahın gələcək fəaliyyət istiqamətləri müəyyən edilib və dövlətlərarası tərəfdaşlığın genişləndirilməsi istiqamətində növbəti addımlar dəqiqləşdirilib.

Xatırladaq ki, MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahı 2006-cı ildə Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın qərarı ilə təsis edilib.

Qurumun əsas məqsədi MDB məkanında transmilli bazarlarda fəaliyyət göstərən şirkətlərin rəqabətə zidd hərəkətlərini birlikdə araşdırmaq, rəqabət qanunlarının pozulmasının qarşısının alınmasına dəstək olmaq və üzv ölkələrin rəqabət qurumları arasında real əməkdaşlığı möhkəmləndirməkdir.

Xəbər lenti

    Çox oxunanlar