08:40

Milli Məclisdə TRIPP layihəsinin müzakirəsinə ehtiyac yoxdur

Milli Məclisdə TRIPP layihəsinin müzakirəsinə ehtiyac yoxdur

Lider.com.az istinadən bildirir ki, Ermənistan parlamenti TRIPP nəqliyyat marşrutu ilə əlaqədar sazişi təsdiqləyib və bu sənədin lehinə 63, əleyhinə isə 32 deputat səs verib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində əsas öhdəliklər məhz Ermənistanın üzərinə düşür.

Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də ABŞ liderinin iştirakı ilə imzalanmış sənədlər çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflanıb, ABŞ və Ermənistan arasında isə TRIPP layihəsinə dair ilkin razılaşmalar əldə olunub.

Deputat qeyd edib ki, cari məlumatlara əsasən Ermənistanda TRIPP layihəsi üzrə çərçivə sazişinin təsdiqi məsələsi müzakirəyə çıxarılıb və bu da təşəbbüsün reallaşdırılması üçün hüquqi-normativ bazanın gücləndirilməsi istiqamətində konkret addımların atıldığını nümayiş etdirir.

Elman Nəsirov vurğulayıb ki, Azərbaycan tərəfindən zəruri infrastruktur işləri artıq icra olunub, ölkəmiz Horadizdən Ağbəndədək, yəni Ermənistan sərhədinə qədər avtomobil və dəmir yollarının çəkilişini başa çatdırıb.

O əlavə edib ki, TRIPP layihəsinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsinin inşası həmin dövlətin öhdəsindədir və bu istiqamətdə ABŞ ilə Ermənistan arasındakı razılaşmalar əsasında məsələ erməni parlamentində müzakirə edilir.

Deputatın fikrincə, mövcud şəraitdə həmin məsələnin Azərbaycan parlamentində müzakirə edilməsinə ehtiyac yoxdur, çünki ölkəmiz öz üzərinə düşən vəzifələri yerinə yetirir, həmçinin Horadiz-Ağbənd, həm də Naxçıvandan Ordubada kimi dəmir və avtomobil yollarının çəkilməsi ilə bərpası işləri davam etdirilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin digər təmsilçisi Fariz İsmayılzadə isə bildirib ki, TRIPP layihəsi Azərbaycan üçün böyük strateji əhəmiyyət daşıyır və onun gerçəkləşməsi Zəngəzur dəhlizinin açılmasına, həmçinin Naxçıvanla Türkiyəyə daha qısa nəqliyyat yolunun əldə olunmasına şərait yaradacaq.

O qeyd edib ki, Ağ Evdə imzalanan sənədlər və ümumilikdə sülh sazişi ilə bağlı məsələlər əvvəllər parlamentdə geniş şəkildə müzakirə olunub, sazişlərin imzalanmasından dərhal sonra növbədənkənar sessiya çağırılaraq TRIPP məsələsi də nəzərdən keçirilib.

Fariz İsmayılzadə hesab edir ki, bundan sonra əsas diqqət layihənin real icrasına yönəldilməlidir və bu səbəbdən TRIPP layihəsinin praktik gerçəkləşməsinin dövlətlərarası müstəvidə müzakirə olunması, Ermənistanın da real işlərə başlaması daha məqsədəuyğundur.

Xəbər lenti

    Çox oxunanlar