
Lider.com.az istinadən bildirir ki, hazırlanan “Maraqlar toqquşması haqqında” qanun layihəsi çərçivəsində rəsmi şəxslərin hər il bəyannamə təqdim etməsi və həmin sənədlərin yoxlanılması səlahiyyətli orqanların öhdəliyinə verilməsi planlaşdırılır.
Bu barədə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin ortaq iclasında danışıb.
O qeyd edib ki, bu sənəd xüsusilə dövlət qulluğundakı münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İndiyədək “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda və müxtəlif etik davranış qaydalarında vəzifəli şəxslərin maraqlar toqquşmasının qarşısını almaq öhdəlikləri yer alsa da, həmin müddəaların necə izah olunmalı olduğu qaranlıq qalırdı.
Elçin Nəsibovun sözlərinə əsasən, buna əsas səbəb maraqlar toqquşmasını dəqiq tənzimləyən ayrıca bir qanunvericilik aktının olmaması idi.
O, hazırda belə bir layihənin hazırlanıb təqdim olunduğunu, Ədliyyə Nazirliyi tərəfindən tərtib edildiyini, müvafiq dövlət qurumları ilə razılaşdırıldığını və Prezidentin tapşırığı ilə hökumətə göndərildiyini söyləyib.
Nazirlik rəsmisi diqqətə çatdırıb ki, yeni layihədə məmurların davranışı, o cümlədən hədiyyə alması, əlavə qazanc və reklamlarda çəkilməsi kimi əvvəllər kifayət qədər tənzimlənməyən məsələlər ətraflı öz əksini tapıb.
O, xüsusilə vəzifəli şəxslərin müxtəlif reklamlarda iştirakı ilə bağlı məqamların sənəddə detallı şəkildə qaydaya salındığını vurğulayıb.
Elçin Nəsibov maraqlar toqquşması ilə əlaqədar öhdəliklərin yalnız işə başlayarkən deyil, bütün xidmət müddətində qüvvədə qalmalı olduğunu qeyd edib.
Bu məqsədlə illik bəyannamələrin təqdim olunması və onların təhlili vəzifəsinin səlahiyyətli qurumlara həvalə edilməsinin nəzərdə tutulduğunu bildirib.
Nazirlik nümayəndəsi çıxışının davamında başqa şəxslərin də maraqlar toqquşması ilə bağlı müraciət etmək hüququna malik olub-olmaması barədə deputatın sualını cavablandırıb.
O izah edib ki, layihənin 20.1.5, 20.1.6 və 20.1.7-ci bəndlərində təşkilatların, həmçinin fiziki və hüquqi şəxslərin maraqlar toqquşması üzrə müraciət ünvanlamaq hüququ qanunvericilikdə öz əksini tapıb.
