
Lider.com.az istinadən bildirir ki, parlamentin İnsan hüquqları komitəsinin iclasında ölkənin növbəti İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə iddiaçı şəxslərin adları bəlli olub.
Həmin namizədlər Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevdir.
Səbinə Yaşar qızı Əliyeva 1980-ci il mayın 7-də Bakıda doğulub. O, 1996-cı ildə paytaxtdakı 8 nömrəli orta məktəbi fərqlənmə ilə bitirib, daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə başa vurub.
2009-2012-ci illərdə Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər istiqamətində əlavə təhsil alan Əliyeva, 2016-cı ildə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Əmək yoluna 2000-ci ildə Konstitusiya Məhkəməsində qədəm qoyan hüquqşünas, 2015-ci ildə həmin məhkəmənin aparat rəhbərinin müavini vəzifəsinə gətirilib və bir il sonra ona üçüncü dərəcəli dövlət müşaviri dərəcəsi verilib.
O, 2019-cu il noyabrın 29-da Milli Məclis tərəfindən Ombudsman seçilib və həmin vaxtdan bu vəzifəni icra edir, eyni zamanda beynəlxalq qurumlarda müxtəlif rəhbər vəzifələrdə təmsil olunub.
Elşanə Rafiq qızı Vəliyeva 1975-ci ildə anadan olub və 1994-2000-ci illərdə Bakı Dövlət Universitetində hüquq təhsili alıb.
Fəaliyyətinə 1992-ci ildə Ali Arbitraj Məhkəməsində başlayan Vəliyeva müxtəlif illərdə məhkəmə sistemində məsləhətçi, baş mütəxəssis və katib işləyib.
2007-ci ildən hakimlik edən Vəliyeva Nərimanov Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində çalışıb və 2017-ci ildən Ali Məhkəmənin hakimidir, həmçinin “Tərəqqi” medalı ilə təltif olunub.
Ceyhun Yasinəli oğlu Qaracayev 1965-ci il iyunun 20-də Bakı şəhərində anadan olub. O, 1987-1993-cü illərdə BDU-nun Hüquq fakültəsini bitirib, Odessa Dövlət Hüquq Akademiyasında aspirantura təhsili alıb və hüquq elmləri doktoru dərəcəsinə layiq görülüb.
Karyerası ərzində məhkəmə və daxili işlər orqanlarında, eləcə də ali təhsil müəssisələrində dərs deyən Qaracayev, Milli Məclis Aparatında şöbə müdirinin müavini işləyib və 2010-2025-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olub.
O, həmçinin İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin müstəqil eksperti kimi fəaliyyət göstərir və bir sıra dövlət təltifləri, o cümlədən "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
