
Lider.com.az istinadən bildirir ki, parlamentin bugünkü iclasında çıxış edən deputat Nigar Məmmədova “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin ədalət mühakiməsinə çıxışı asanlaşdırmaq baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Parlamentari qeyd edib ki, maddi çətinliklər heç bir şəxsin hüquqi müdafiədən kənarda qalmasına yol açmamalıdır, çünki hüquqların gerçək təminatı onların hər kəs üçün əlçatan olması ilə dəyərləndirilir.
Nigar Məmmədova sənəddə müraciət mexanizminin elektronlaşdırılmasını müsbət addım kimi qiymətləndirərək, dövlət informasiya sistemlərinin inteqrasiyasının məlumatların təkrar toplanmasının qarşısını alacağını və prosesin şəffaflığını artıracağını söyləyib.
Onun sözlərinə görə, vətəndaşlar elektron platforma vasitəsilə müraciətlərinin durumunu izləyə bilməlidirlər və sistem hər kəs üçün rahat, anlaşıqlı olmalıdır.
Rəqəmsallaşdırmanın sadəcə sənəd təqdimi ilə məhdudlaşmamalı olduğunu vurğulayan deputat bütün mexanizmin avtomatlaşdırılmış və şəffaf qurulmasının vacibliyini qeyd edib.
O əlavə edib ki, qurulacaq sistem sayəsində vətəndaş vaxtını sənəd toplamağa deyil, hüquqlarının müdafiəsinə sərf edəcək, vəkilin əməyi obyektiv dəyərləndiriləcək və hər bir vətəndaş keyfiyyətli hüquqi yardım almaq imkanı qazanacaq.
