13:29

Korrupsiya barədə məlumat verənlərə maddi mükafatın verilmə qaydaları müəyyənləşir

Korrupsiya barədə məlumat verənlərə maddi mükafatın verilmə qaydaları müəyyənləşir

Lider.com.az istinadən bildirir ki, Milli Məclisin iclasında müzakirə edilən "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsində korrupsiyadan bəhs edən şəxslərə maliyyə mükafatının verilməsi mexanizmi dəqiqləşdirilir.

Təqdim olunan sənədə əsasən, təqdim olunan məlumat öz təsdiqini taparsa, siqnal ötürən şəxsə qurumun büdcəsi hesabına rəhbərin qərarı ilə pul mükafatı köçürüləcək və bu ödəniş faktın araşdırılaraq təsdiqlənməsi barədə məlumatlandırıldığı tarixdən etibarən 10 iş günü ərzində həyata keçiriləcək.

Mükafatın rəsmiləşdirilməsi və ödənilməsi prosesi konfidensiallıq şərtləri qorunmaqla icra edilməli, bu tədbirləri görən şəxslər isə məlumatverən barədə bildikləri məlumatların üçüncü tərəfə ötürülməsinə yol verməməlidirlər.

Ödəniləcək vəsaitin həcmi minimum əməkhaqqının 25 mislindən artıq ola bilməz və məbləğ hesablanarkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın aşkarlanmasındakı rolu, eləcə də vurulan zərərin və bərpa olunan aktivlərin miqdarı əsas götürüləcək.

Cinayət təqibi zamanı məhkəmə hökmü və ya digər yekun qərar çıxarıldıqda, yaxud təqib bəraətverici əsas olmadan dayandırıldıqda, xüsusi müsadirə olunmuş əmlakın satışından və ya pul vəsaitindən, həmçinin dövlət büdcəsinə ödənilən məbləğin, yaxud vurulmuş maddi ziyanın miqdarının 5 faizi qədər pul məlumat verən şəxsə veriləcək.

Cinayət işi üzrə bu vəsaitin ödənilməsi haqqında qərar ibtidai araşdırma mərhələsində prokurorun razılığı ilə müstəntiq, məhkəmə baxışı zamanı isə işə baxan hakim tərəfindən çıxarılacaq.

Məlumat verənin, onun yaxın qohumunun korrupsiya halları barədə xəbər verməsi səbəbindən həlak olması halları qeydə alınarsa, onun ailəsinə çalışdığı təşkilat tərəfindən 20 min manat məbləğində birdəfəlik müavinət ödəniləcək.

Həmin şəxslər bu səbəbdən bədən xəsarəti aldıqda isə onlara işlədikləri qurumun büdcəsindən 10 min manat miqdarında birdəfəlik müavinət veriləcək, əmlakına dəyən ziyan isə qanunvericilikdə nəzərdə tutulan qaydada ödəniləcək.

Vergi Məcəlləsinə edilən dəyişiklik layihəsinə əsasən, korrupsiya hüquqpozmaları barədə məlumat verənlərə verilən maddi mükafatlar gəlir vergisindən azad ediləcək.

Sənəd parlamentdə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Xəbər lenti

    Çox oxunanlar