
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbəri Le Khanh Hay, Administrasiya rəhbərinin müavini Hoanq Anh, Administrasiyanın Xarici Əlaqələr Baş İdarəsinin direktoru Vu Ha Le, Vyetnam Parlamentinin Milli müdafiə, təhlükəsizlik və xarici əlaqələr komitəsi sədrinin daimi müavini Vu Hay Ha, Vyetnam Diplomatik Akademiyasının prezidenti Hunq Son və bir sıra digər rəsmi şəxslərlə görüşlər keçirilib.
Danışıqlar zamanı Azərbaycan-Vyetnam əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, həmçinin siyasi, iqtisadi, humanitar sahələrdə işbirliyinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Siyasi dialoqun möhkəmləndirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Prezident To Lam ilə söhbət zamanı Vyetnam dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi salamlarını, eləcə də ən xoş arzularını çatdırmağı xahiş edib. O, 2025-ci ilin may ayında Bakıya dövlət səfəri zamanı Azərbaycan lideri və xanımı tərəfindən göstərilmiş yüksək qonaqpərvərliyi və məzmunlu müzakirələri minnətdarlıqla xatırlayıb. Eyni zamanda, dost ölkə Azərbaycanın son illərdə qazandığı mühüm nailiyyətləri, ölkəmizin beynəlxalq və regional nüfuzunun artmasını, eləcə də AQEM-in 7-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsini yüksək dəyərləndirib.
Tərəflər Azərbaycan-Vyetnam dostluq əlaqələrinin dərin tarixi köklərə söykəndiyini qeyd ediblər. Bu xüsusda, 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərlərinin iki xalq arasındakı münasibətlərin inkişafında müstəsna rol oynadığı vurğulanıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Sanın isə 2015-ci ildə Azərbaycana səfərlərinin ticarət-iqtisadi əlaqələrə güclü təkan verdiyi bildirilib.
İkitərəfli gündəliyin əsas bəndlərindən biri olan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məsələsi ətrafında geniş müzakirələr aparılıb. Bu kontekstdə, Prezident To Lamın 2025-ci ildə Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın ikitərəfli əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı qeyd olunub. Tərəflər gələn il hər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin qeyd olunacağını nəzərə alaraq, bu əlamətdar tarix münasibətilə birgə tədbirlərin təşkil olunmasının və yüksək səviyyəli dialoqun davam etdirilməsinin vacibliyini bildiriblər.
Görüşlərdə ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə edilib. Xüsusilə neft-qaz, bərpa olunan enerji, təhsil, nəqliyyat, müdafiə sənayesi, təhlükəsizlik və logistika istiqamətlərində geniş imkanların olduğu diqqətə çatdırılaraq, işgüzar dairələr arasında əlaqələrin sıxlaşdırılmasının və qarşılıqlı investisiyaların təşviqinin əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, parlamentlərarası əməkdaşlığın davam etdirilməsinin, qanunvericilik orqanlarındakı dostluq qruplarının fəaliyyətinin və deputatların qarşılıqlı səfərlərinin önəmi qeyd olunub.
E. Əmirbəyov görüşlər zamanı qarşı tərəfi Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması istiqamətində atılan addımlar, Cənubi Qafqazda dayanıqlı və dönməz sülhün bərqərar olması üçün gərəkli şərtlər, rəsmi Bakının gözləntiləri və bu istiqamətdə həyata keçirilən ardıcıl siyasət barədə ətraflı məlumatlandırıb. Vyetnam tərəfi sülh prosesində qazanılmış irəliləyişləri müsbət qarşılayaraq, regionda uzunmüddətli sülhün təmin olunmasına dəstək verdiyini bildirib.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin işğaldan azad olunan torpaqlarda aparılan irimiqyaslı bərpa-quruculuq işləri, eləcə də mina təhlükəsi ilə mübarizə tədbirləri barədə danışıb və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
