
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərinə köhnə çıxışından səs yazısı əlavə olunmaqla hazırlanan videoların Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkə səhifələrində yayılması ciddi narahatlıq doğurub.
Qeyri-rəsmi profildə yerləşdirilən həmin quraşdırma materialın dövlət başçısının şəxsi təşəbbüsü kimi təqdim edilməsi və bundan Türkiyəyə yönələn gizli mesajlar axtarılması peşəkar jurnalistikanın təməl yoxlama prinsipləri ilə daban-tabana ziddir.
Əvvəlcə ən basiq bir gerçəyi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin "TikTok" şəbəkəsində heç bir rəsmi hesabı mövcud deyil.
Buna baxmayaraq, "Milli Gazete" və "Sonsöz" kimi mətbuat orqanları həmin görüntüləri məhz dövlət başçısının rəsmi "TikTok" səhifəsindən götürülmüş kimi yayıblar, nəticüldə isə mövcud olmayan mənbəyə istinad xəbərlərə yol açıb.
Sosial media seqmentində isə bu iddialar daha da şişirdilərək materialın qardaş ölkəyə ünvanlanan hansısa siyasi mesaj olub-olmaması müzakirə obyektinə çevrilib.
Halbuki videoda səsləndirilən fikirlərin mənbəyi də, dəqiq tarixi də, eləcə də orijinal konteksti də hər kəsə bəllidir.
Həmin sözlər Prezident İlham Əliyevin 2020-ci il noyabrın 10-da xalqa etdiyi müraciətdən götürülüb və həmin çıxışda Vətən müharibəsindəki zəfərdən, Ermənistanın kapitulyasiyasından, eləcə də üçtərəfli bəyanatdan bəhs olunurdu.
Azərbaycan xalqının səbri ilə oynamağın acı nəticələri barədə xəbərdarlıq da məhz həmin dövrün reallıqları çərçivəsində dilə gətirilmişdi və tam mətn dövlət başçısının rəsmi internet səhifəsində açıq şəkildə durur.
Bu fikirləri cari Türkiyə gündəminə aid edilən təzə bəyanat kimi qələmə vermək onların əsl tarixi mənasını kobud şəkildə təhrif etmək deməkdir.
Bu cür faktları dəqiqləşdirmək üçün h hansı xüsusi araşdırma aparmağa ehtiyac yox idi, sadəcə hesabın rəsmi olub-olmadığına və çıxışın ilkin mənbəyinə baxmaq bəs edərdi.
Sosial şəbəkələrdə istənilən şəxs profil açıb dövlət başçısının köhnə görüntülərini yerləşdirə, başqa vaxta aid səsləri montaj edə və istədiyi başlıqları yazı bilər, lakin bu, videonun məzmununu təzələmir.
Paylaşımın çoxlu baxış yığması onu heç vaxt rəsmi sənədə çevrmir və səhifədəki adla şəkil həmin hesaba ölkə rəhbərliyinin adından danışmaq səlahiyyəti qazandırmır.
Adi sosial şəbəkə istifadəçisinin yol verdiyi belə yanılmaları peşəkar media qurumları təkrarladıqda saxta informasiya daha geniş kütlələrə yayılaraq xəbər statusu qazanır.
Məhz bu səbəbdən böyük media orqanlarının, peşəkar jurnalistlərin və minlərlə izləyicisi olan səhifələrin üzərinə düşən məsuliyyət qat-qat artıqdır.
Türkiyənin bəzi media resurslarının bu cür həssas məsələdə sərgilədiyi yanaşma qətiyyən qəbuledilməzdir və yoxlanılmamış materiallar əsasında dövlətlərarası münasibətlərə dair şərhlərin yazılması yolverilməzdir.
Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik əlaqələrindən bəhs edənlərdən hər zaman xüsusi təmkin, həssaslıq və dəqiqlik tələb olunur.
Hər hansı ölkəyə mesaj verildiyini iddia edən media qurumları ilk növbədə həmin mesajın gerçəkdən də dövlət başçısı tərəfindən verilib-verilmədiyini dəqiqləşdirməlidirlər.
Ölkə rəhbərinin rəsmi "Instagram", "YouTube", "Facebook" və "X" hesablarına keçidlər birbaşa president.az saytında yerləşdirilib və etibarlı məlumat almaq istəyənlər üçün ünvanlar tam açıqdır.
Buna görə də Türkiyədəki həmkarları və geniş auditoriyası olan istifadəçiləri belə həssas materiallara qarşı son dərəcə diqqətli və məsuliyyətli olmağa çağırırıq.
Yalnış informasiya yayan redaksiyalar isə buraxdıqları səhvləri tezliklə düzəltməli və oxucularına dürüst izahat təqdim etməlidirlər.
Cəmiyyətə və oxucu auditoriyasına hörmət hər zaman dəqiq yoxlanılmış məlumatdan başlayır, illər əvvəlki çıxışdan süni şəkildə gündəm yaratmaq isə peşəkar mediaya uyğun gəlmir.
