
Lider.com.az istinadən bildirir ki, noyabr ayının ortalarında Çində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti baş tutacaq və bu tədbirə ABŞ ilə Rusiya prezidentləri də qatılacaqlar.
Rusiya dövlət başçısı Vladimir Putin 2017-ci ildən sonra ilk dəfədir ki, APEC sammitində iştirak edəcək.
Tədbir çərçivəsində ABŞ, Rusiya və Çin liderləri – Donald Tramp, Vladimir Putin və Si Szinpin arasında üçtərəfli formatda müzakirənin planlaşdırıldığı bildirilir.
Rusiyalı bəzi şərhçilər gələcək Çin görüşünü "yeni Yalta” adlandıraraq, üç böyük gücün məhz bu ölkədə dünyanın bölüşdürülməsini müzakirə edəcəyini iddia edirlər.
Xatırladaq ki, İkinci Dünya müharibəsinin sonuna yaxın SSRİ, ABŞ və Böyük Britaniya rəhbərləri Krımın Yalta şəhərində toplanaraq dağılmış Avropanın gələcək taleyini həll etmişdilər, lakin bu dəfə britaniyalıların yerini Çin tutacaq.
Pekin bu üçtərəfli format vasitəsilə özünün diplomatik çəkisini, supergüc statusunu və etibarlı qlobal qüvvə olduğunu nümayiş etdirmək niyyətindədir.
Əgər üç ölkənin lideri regionda və dünyada sabitliyin qurulması istiqamətində ortaq məxrəcə gələ bilsələr, bu, hamının xeyrinə olacaq.
Bununla belə, Çin və Rusiyanın gözləntiləri ABŞ-ın mövqeyindən köklü şəkildə fərqlənir.
Kreml Vaşinqtonun Ukraynanın parçalanmasına mane olmamasını tələb edir, Pekin isə Tayvanın Çinə birləşdirilməsinə müdaxilə edilməməsini istəyir ki, bu da sülh deyil, qlobal xaosun davam etməsi deməkdir.
Digər tərəfdən, Ukraynanın taleyi müzakirə olunarkən Avropa da bu prosesdə iştirak etmək arzusundadır, çünki bu məsələ birbaşa Avropa qitəsinə toxunur.
Donald Tramp həmin görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini dilə gətirəcək, lakin Vladimir Putin Trampı dinləsə də Donbasın işğalı siyasətindən əl çəkməyəcək.
Si Szinpin isə üçtərəfli müzakirələrdə Ukrayna mövzusuna maraq göstərməyəcək və bu ölkənin gələcəyinə görə hər hansı məsuliyyət daşımaq niyyətində deyil.
Si müharibənin zor gücü ilə dayandırılmasını və Putinin Rusiyadakı mövqelərinin zəifləməsini istəmir.
Pekin hər nə qədər Rusiya-Ukrayna qarşıdurmasında neytral olduğunu iddia etsə də, Moskvanı açıq şəkildə tənqid etmir və Putinin müharibə iqtisadiyyatını dəstəkləmək üçün Rusiya qazı ilə neftini almaqda davam edir.
1945-ci ilin Yalta konfransı Avropanın gələcəyini müəyyənləşdirmişdisə, Çində baş tutacaq üçtərəfli görüş nə Ukraynanın, nə də Tayvanın gələcəyini həll edə bilməyəcək.
Liderlər müxtəlif məsələlər ətrafında sadəcə fikir mübadiləsi apararaq yekunda dağılışacaqlar.
Bundan əlavə, Donald Trampın Çindəki müzakirələrdə tutacağı mövzuya sammitdən öncə Konqresə keçiriləcək ara seçkilərin nəticələri də təsir göstərəcək.
