
Lider.com.az istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qərbi Azərbaycan icması ilə birgə ərsəyə gətirdiyi "İrəvan Qazılığının tarixi" nəşrinin təqdimat mərasimi baş tutub.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və Milli Məclisin deputatları iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsi Qərbi Azərbaycan mövzusunu hər zaman fəaliyyətinin əsas prioritetlərindən biri hesab edir və dövlət ilə xalqın maraqlarına uyğun şəkildə Ermənistandan qovulan soydaşlarımızın dədə-baba yurdlarına qayıtması siyasətini dəstəkləyir: "Bu niyyətlə, Qafqaz Müsəlmanları İdarəsi Qərbi Azərbaycan icması ilə əməkdaşlıqda “İrəvan qazılığının tarixi” adlı sənədli materiallardan ibarət olan Azərbaycan və ingilis dillərində kitab nəşr etdirib. Bu qiymətli kitabı böyük qürur və fəxrlə sizlərə təqdim edirik".
Bildirilib ki, nəşrə daxil edilən bilgilərin əsas baza mənbəyi məhz Qafqaz Müsəlmanları İdarəsinin arxivində saxlanılan sənədlərdir: "Bizim arxiv sənədlərimizlə bərabər, Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya dövlət arxivlərindən əldə olunan mənbələr və tarixi materiallar əsasında hazırlanan bu kitab elmi və ictimai-siyasi baxımdan xüsusi dəyərə malikdir".
Qeyd olunub ki, tarixi İrəvan qazılığının bərpasından ciddi şəkildə təşvişə düşmüş erməni kilsəsinin tarixi saxtalaşdırma və dezinformasiyalarından fərqli olaraq biz real tarixi faktlara istinadən mənəvi hüquqları bəyan edilib: "Qafqaz Müsəlmanları İdarəsi “İrəvan qazılığının tarixi” kitabı və davamlı fəaliyyətləri ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində var-qüvvəsi ilə səy göstərəcək, soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpası yönündə, tarixi torpaqlarımıza qayıdışımızın mənəvi sütunlarının ucaldılması yolunda əlindən gələni əsirgəməyəcək".
Daha sonra İrəvan qazılığının keçmişinə həsr olunan video-çarx nümayiş etdirilib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, parlament üzvü Əziz Ələkbərli diqqətə çatdırıb ki, son iki yüzillik ərzində düşmən tərəfindən yalnız tarixi torpağımız olan Qərbi Azərbaycan vilayəti təcavüzə məruz qalmayıb, eyni zamanda orada yaşayan əhali etnik təmizləməyə, deportasiyalara və soyqırımlara uğrayıb, həmçinin həmin coğrafiyadakı mədəni irsimiz erməni vandalizminin qurbanı olaraq dağıdılıb, məhv edilib və ya saxtalaşdırılıb: “Ən çox itkilərə məruz qalanlardan biri də dini dəyərlərimiz olub. Azərbaycan tarixi milli və dini müxtəlifliyi, tolerantlığı ilə seçilən bir ölkə olduğundan rus işğalından sonra bura müxtəlif ölkələrdən kütləvi şəkildə köçürülüb gətirilən ermənilər ilk növbədə bu yerlərdəki əcdadlarımıza məxsus dini məbədləri ələ keçirmiş, bərpa etmək adı ilə onları erməni qriqoryan kilsəsinə çevirib, sonra da özlərini bu yerlərin qədim sakinləri olmaları yalanını dünyaya yayıblar".
Akademik İsa Həbibbəyli isə qeyd edib ki, İrəvan bölgəsində Qazılığın fəaliyyət göstərməsini təsdiqləyən arxiv sənədləri həmin ərazinin qədim Azərbaycan torpaqları olduğunu sübut edən əyani nümunədir: “İrəvan Qazılığının tarixinə həsr olunmuş, heç tərəddüd etmədən İrəvan vilayətinin tarixi, İrəvanın tarixi də adlandırmaq, adlandırmaq mümkündür. Bu kitab azərbaycançılıq ideologiyasını ölkəmizdə, Azərbaycanda əsaslanan və Azərbaycan Azərbaycanın mənəvi-mədəni irs vaxt ərazilərinin haqqındakı təsəvvürlərin daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edən, qürur doğuran çox möhtəşəm mənzərədir”.
